Nəsiminin şeirlərini qırğız dilinə çevirən Kojogeldi Kultegin Azərbaycan Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi
TÜRKSOY təşkilatının önəmli layihələrindən biri də türk dünyasının mədəniyyət, sənət və ədəbiyyatında iz buraxan şəxsiyyətlərini tanıtmaqdır. Fevralın 19-da təşkilatın Ankaradakı qərargahında düzənlənən tədbir Qırğızıstanın Xalq şairi, bu ölkənin TÜRKSOY-dakı təmsilçisi Kojogeldi Kulteginin (Kuluyev) 60 illik yubileyinə həsr olunmuşdu.
Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, Elm və Turizm nazirinin müavini Kayrat İmanaliyev, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Ankaranın Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Türkmənistanın Türkiyədəki səfiri İshankuli Amanliyev, ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin millət vəkili Mətin Gündoğdu, mədəniyyət, ədəbiyyat nümayəndələri iştirak edirdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən professor Naciyyə Ata Yıldız şair Kojogeldi Kulteginin həyat və yaradıcılığı, kitabları haqqında məlumat verdi.
Sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun şairə ünvanladığı təbrik məktubu bu ölkənin Türkiyədəki səfiri Kubanychbek Omuralıev tərəfindən oxundu.
Baş katib Düsen Kaseinov şairin TÜRKSOY-la münasibətlərinin tarixindən danışdı. Bildirdi ki, bu münasibətlər Kojogeldi Kultegin Qırğızıstanda nazir müavini kimi çalışdığı dövrdə başlayıb. O, Qırğızıstanın TÜRKSOY-da təmsilçisi təyin edildikdən bəri ölkəsi ilə qurum arasında əlaqələrin intensivləşməsində böyük rol oynayıb.
Tədbir çərçivəsində şairin “Ovucdakı dünya” və “Ürək-məkan” şeirlər toplularının təqdimatı keçirildi.
Digər çıxış edənlər tanınmış şairin zəngin yaradıcılığından, onun şeirlərinin türk dünyasının poeziya aləminə gətirdiyi yeniliklərdən, yüksək insani keyfiyyətlərindən danışdılar.
Tədbirdə həmçinin yubilyar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olundu. Nazir Əbülfəs Qarayevin imzaladığı fəxri fərman ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən Kojogeldi Kulteginə təqdim edildi.
TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı çıxışında bildirdi ki, yubilyar mənsub olduğu qırğız mədəniyyəti ilə yanaşı, digər türkdilli xalqların mədəniyyətinin, eləcə də poeziyasının inkişafına eyni məhəbbətlə yanaşır. Digər çıxış edənlər şairə təbriklərini çatdırdılar, şairin qələm dostları onun şeirlərini oxudular.
Baş katib Düsen Kaseinov təşkilatın adından “Şərəf” medalını yubilyara təqdim etdi.
Kojogeldi Kultegin yubiley tədbirinə, xoş sözlərə və səmimi təbriklərə görə təşəkkürünü bildirdi.
Mərasim bədii proqramla davam etdi.
Şairin şeirinə bəstələnən musiqi əsərləri səsləndi. Qırğız sənətçiləri İsiradin Amanbayev, Tülekgün Abılova ilə saz sənətçisi Yusuf Gül ifaları ilə tədbirə xoş ovqat qatdı.
Qeyd edək ki, ötən il TÜRKSOY tərəfindən nəşr olunan “İmadəddin Nəsimi dünya dillərində” kitabında dahi şairimizin şeirlərini qırğız dilinə Kojogeldi Kultegin tərcümə edib.
Mehparə SULTANOVA
Ankara