Uzun illər Türkiyənin Əskişəhər şəhərində antikvar əşya satan Ziya Abay 1995-ci ildə həyat yoldaşını avtomobil qəzasında itirib. Dörd uşaq atası olan Z.Abayın övladları təhsil almaq və işləmək üçün ölkənin müxtəlif bölgələrinə köçüblər.
O, tək qaldıqdan sonra, 14 il bundan əvvəl ölkənin Elazığ və Tunceli şəhərlərini birləşdirən Keban Baraj gölü hövzəsinin ortasında yerləşən təxminən 80 hektarlıq quraq, yaşayışın olmadığı əraziyə köçüb. Ötən 14 il ərzində özünün inşa etdiyi kiçik daxmada yaşayan Z.Abay burada 3500 ağac əkib, quraqlıq adanı yaşıllıq əraziyə çevirib.
Türkiyədə “Robinzon” olaraq tanınan 81 yaşlı Ziya Abayın həyatı ekranlaşdırılıb.
Sivas Dövlət Universiteti radio və televiziya bölümünün əməkdaşı Turqay Kural adaya gələrək onun haqqında sənədli film çəkib. Elektrik enerjisinin olmadığı adada 15 gün davam edən çəkilişlərin aparılması üçün günəş enerji panellərindən istifadə edilib.
“Adam” adlı filmdə həyatını danışan Z.Abay mərhum həyat yoldaşını çox sevdiyini və onun yoxluğu ilə barışa bilmədiyini söyləyib. Adadakı ağacları “övladlarım” adlandıran Z.Abay həyat yoldaşının təbiəti çox sevdiyini və onun xatirəsini əbədiləşdirmək məqsədilə bu yolu seçdiyini bildirib.
SƏBİNƏ