Qırğızıstan və Azərbaycan həm TÜRKSOY və digər beynəlxalq qurumlar çərçivəsində, həm də ikitərəfli formada mədəniyyət sahəsində əməkdaşlıq edir. Bu il iki qardaş ölkənin münasibətləri üçün mühüm hadisələrlə başlayıb.
Yanvar ayında paytaxt Bişkekdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun iştirakı ilə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməli qoyulub. Həmçinin şəhərdə Heydər Əliyev adına məktəb inşa olunacaq.
Bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Kayrat İmanaliyev Ankarada AZƏRTAC-ın müxbirinə bildirib.
Nazir müavini qeyd edib ki, Qırğızıstanda hər zaman Azərbaycan mədəniyyətinə, kino, teatr sənətinə, ədəbiyyatına böyük maraq olub. 2015-ci ildə Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə birgə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə təşkil olunan yubiley gecəsi və konserti xatırladan K.İmanaliyev əlavə edib ki, həmin yubiley tədbiri qırğız xalqının yaddaşında silinməz xoş xatirələr yaradıb.
“Sevindiricidir ki, Azərbaycanın elm və mədəniyyət xadimlərinin qırğız ictimaiyyətinə tanıdılması üçün mühüm addımlar atılır. TÜRKSOY-un nəşr etdirdiyi “İmadəddin Nəsimi dünya dillərində” kitabının ötən il Bişkekdə Qırğızıstan Milli Kitabxanasında və Qırğızıstan-Türkiyə Manas Universitetində keçirilən təqdimatlar Azərbaycan ədəbiyyatına, poeziyasına göstərdiyimiz diqqətin təzahürüdür”, – deyə K.İmanaliyev bildirib.
Nazir müavini daha sonra deyib: “Sevinirik ki, Azərbaycanda da qırğız mədəniyyətinə xüsusi diqqət, tükənməz sevgi və ehtiram vardır. Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərinin ən geniş yayıldığı ölkələrdən biri də Azərbaycandır. Yeri gəlmişkən, hazırda Aytmatovun “Cəmilə” pyesinin Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnələşdirilməsinə lazımi dəstək veririk. Əminəm ki, Azərbaycanın teatr xadimləri bu tamaşanı Aytmatovun görmək istədiyi bir ucalıqla tamaşaçı qarşısına çıxara biləcəklər”.
İki ölkənin TÜRKSOY müstəvisində əməkdaşlığından da danışan K.İmanaliyev qeyd edib ki, ötən il Qırğızıstanın Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması bu münasibətlərin inkişafı üçün də əlavə zəmin oldu: “Oş qədim mədəniyyətə, tarixi və təbiət abidələrinə malik olan bir şəhərdir. Ötən il Oşun təkcə türksoylu xalqlar üçün yox, bütün dünyada daha yaxından tanınması üçün böyük imkanlar qazandıq. “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış və bağlanış mərasimlərində Azərbaycan incəsənət ustalarının möhtəşəm çıxışları da rəğbətlə qarşılandı. Oşda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da iştirak etdi”.