Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyi “Mobillik və mədəni irs” mövzusunda növbəti kitabçasını yayımlayıb. Kitabçada rahat ziyarət və hərəkət baxımından Avropanın ən yaxşı təcrübəyə malik 13 tarixi şəhəri seçilib. Həmin məkanlardan biri də Bakıdakı İçərişəhər qoruğudur.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Kitabçada İçərişəhərin sakinləri və ziyarətçilərin rahatlığının təmin edilməsi istiqamətində həyata keçirilən layihələr və görülən işlər diqqətə (ingilis, fransız, ispan və portuqal dillərində) çatdırılır.
“Mobillik və mədəni irs” layihəsi 2014-cü ildən Dünya İrs Şəhərləri Təşkilatı tərəfindən başladılıb. Layihənin əsas məqsədi mədəni irsin qorunub saxlanması istiqamətində tarixi abidələrin insanlar üçün rahat və əlçatan olması məqsədilə yerli orqanlara dəstək verməkdir.
Bu arada, dünyanın bir çox tarixi şəhər məkanlarında olduğu kimi, İçərişəhərdə də koronavirus infeksiyası təhlükəsinə qarşı görülən profilaktik tədbirlər çərçivəsində kütləvi ziyarət yerlərinə, muzey və abidələrə giriş dayandırılıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumatda qeyd olunur ki, zəruri tədbirlərlə bağlı “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyalarını #MuseumFromHome həştəqi altında virtual ziyarət imkanı yaradılıb. Martın 16-dan 20-dək gündə 2 dəfə (saat 12:00 və 15:00) canlı yayımlar, digər vaxtlarda isə “3D” virtual gəzinti, kiçik videoçarxlar, maraqlı fotoşəkillərin tarixçələri təqdim olunur. Bununla yanaşı, “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən Qız qalası, Şirvanşahlar sarayı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu və s. abidə və məkanlar barədə canlı interaktiv (sual-cavab) məlumat əldə etmək mümkündür.