Sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir. Ona görə də bu sahədə hər kəs uğur qazana, oxucuların qəlbinə yol tapa bilmir. Belə yaradıcı insanlar ədəbiyyat salnaməsini ölməz əsərlərlə zənginləşdirir, şeirləri ilə könül dünyamızı oxşayan söz çələngi hörürlər. Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində bu cür söz sənətkarlarımız çox olub, əbədi xatırlanası nümunələr yaradıblar. Onlardan biri də Mikayıl Rzaquluzadədir. O, ömrünün 60 ilini ədəbiyyat xəzinəmizin zənginləşməsinə həsr edib, xüsusilə uşaq ədəbiyyatının inkişafına mühüm töhfələr verib.

M.Rzaquluzadə təkcə gözəl şair, nasir, publisist deyil, həm də müxtəlif ölkələrin yazıçılarının əsərlərini dilimizə çevirən bir tərcüməçi kimi şöhrət qazanıb. Anadan olmasının 115 illiyinin tamam olması münasibətilə tanınmış ədibin ömür və sənət yoluna nəzər salırıq.

Mikayıl Manaf oğlu Rzaquluzadə 17 mart 1905-ci ildə Bakıda doğulub. İbtidai təhsilini yeni üsullu “Mədrəseyi-nur” və Bakı realnı məktəblərində təhsil alıb. Realnı məktəbdə Azərbaycanın görkəmli maarif xadimlərindən Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Məmməd bəy Əfəndiyev, Qafur Rəşad kimi pedaqoqlardan dərs alıb. Sonra ekstern imtahan verib Ali Pedaqoji İnstitutun Tarix fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra Bakı Mərkəzi Kitabxanasında çalışıb, Pedaqoji İnstitutda kitabxana müdiri işləyib. Gəncə Pedaqoji Texnikumunda, həmçinin fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi olaraq fəaliyyət göstərib. Bu dövrdə Gəncə Müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, “Qızıl Gəncə” jurnalı redaksiya heyətinin və Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin büro üzvü, sonralar “Azərbaycan dilinin izahlı lüğəti” redaksiya heyətinin üzvü olub. O daha sonra Moskvada İkinci Dövlət Universiteti yanında Pedaqoji Psixologiya-Pedologiya Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb.

Ədəbi yaradıcılığa 1923-cü ildə çap olunan “Müəllim” şeirilə başlayan M.Rzaquluzadənin 1926-cı ildə “Maarif işçisi” jurnalında “Çocuq ədəbiyyatında üsul məsələsi” adlı ilk məqaləsi dərc olunub. 1945-ci ildən başlayaraq ədəbi yaradıcılığı uşaq və gənclər istiqamətində daha geniş xarakter alan ədib həmçinin bədii tərcümə sahəsində də intensiv fəaliyyət göstərib. Müxtəlif illərdə “Azərnəşr”də tərcüməçi, “İnqilab və mədəniyyət” jurnalında məsul katib, “Azərbaycan” jurnalında baş redaktor müavini olub, “Gənclik” nəşriyyatında, “Göyərçin” jurnalı redaksiyalarında da fəaliyyət göstərib. Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləyib.

Müəllifin “Qaranquş yuvası” (1945), “Ağ dana” (1945), “El gücü” (1948), “Qu gölü” (1955), “Ovçu Elşənlə qoçaq Aytəkinin nağılı” (1956), “Nəsillərdən nəsillərə” (1965), “Ürəkdə izlər” (1969), “Quş dili bilən Orxan” (1972), “Yaz günəşi” (1977), “İlin yazı – elin sazı” (1981) və s. kitabları uşaq və gənclərin sevərək mütaliə etdiyi əsərlərdir.

Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra tanınmış müəlliflərinin əsərlərini məhz M.Rzaquluzadənin tərcüməsində oxumaq imkanı qazanıb. Bu əsərlər içərisində R.Kiplinqin “Mauqli”, V.Mayakovskinin “Seçilmiş şeirləri və poemaları”, V.Biankinin “Biz çoxuq”, V.Vasilevskayanın “Göyqurşağı”, V.Q.Belinskinin “Seçilmiş əsərləri”, İ.S.Turgenevin “Ovçunun xatirələri”, “Atalar və oğullar”, “Ərəfə”, A.Dümanın “Üç müşketyor”, M.Qorkinin “Uşaqlıq”, C.Sviftin “Qulliverin səyahəti”, L.N.Tolstoyun “Dirilmə”, C.Londonun “Hekayələr”i, C.Rodarinin “Çipollino” və s. başqalarını qeyd etmək olar. O həmçinin Nizami Gəncəvinin “İskəndərnamə” poemasının “İqbalnamə” hissəsini dilimizə çevirib. Tərcümə kitablarının sayı 60-dan çox olan M.Rzaquluzadə “H.Heyne və faşizm”, “Rabindranat Taqor”, “Bayron və müasirlik” və s. sanballı məqalələr də yazıb.

M.Rzaquluzadənin əsərləri geniş oxucu kütləsi tərəfindən həmişə sevilib və rəğbətlə qarşılanıb. Bu əsərlərin başlıca mövzusu Yer kürəsinin əşrəfi sayılan insanın şən, firavan həyatı, işıqlı, romantik duyğu və düşüncələridir. Bu mənada müəllifin ideya-bədii dəyərlərini itirməyən “Qaranquş yuvası”, “Zər yazılı mərmər kitab”, “Məktəbə gedir Tokay”, “Bakının axşamları”, “Yaz yuxusu”, “Sirli saz” və s. əsərləri diqqətəlayiq nümunələrdir. Onun hekayələrində hadisələrin şairanə təsviri oxucunu maqnit kimi özünə çəkir. “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış “Ana ürəyi, dağ çiçəyi” hekayəsi xüsusilə məktəblilərin ən çox sevdiyi əsərlərdəndir. Yazıçının “Dəli ozan”, “El gücü” hekayələrinin mövzusu da “Dədə Qorqud”dan götürülüb. Onun “Qu gölü”, “Təzə tüfəngin siftəsi”, “Yaralı göyərçin”, “Boş qorxular”, “İşıqlar yandı” və s. hekayələri uşaqların estetik dünyagörüşünün formalaşması baxımından maraqlı əsərlərdir.

Mikayıl Rzaquluzadə 1984-cü il noyabrın 10-da vəfat edib. Paytaxtımızın küçələrindən biri ədibin adını daşıyır.

Aynurə ƏLİYEVA