Birol Güven: “Düşündüm ki, bəlkə bu filmlə insanların əhvalları yüksələr, insanlar gülümsəyər”

Türkiyənin tanınmış rejissoru və ssenaristi Birol Güven dünya kino çəkilişi tarixində bir ilkə imza atıb. Bu gün dünyada tüğyan edən koronavirusun qarşısını alma tədbirləri çərçivəsində böyük kino sənayesinə malik Türkiyədə də film çəkilişlərinə ara verilib, əhalisinin böyük qismi, o cümlədən aktyorlar da demək olar ki, bütün günlərini öz evlərində keçirirlər.

Birol Güven isə koronavirusun dünyaya gətirdiyi bu yeni yaşam şərtlərinə uyğun olaraq ölkənin TRT 1 kanalı üçün yeni serialın çəkilişlərinə başlayıb. “Evdə qal” şüarına uyğun olaraq “Ev yapımı” (evdə hazırlanmış) adlı komediya janrında filmin çəkilişi də evlərdə aparılır və karantin dövrünü evlərdə keçirən aktyor ailələrinin həyatından bəhs edir. Serialla bağlı daha ətraflı məlumatı Birol Güvenle müsahibə əsnasında öyrəndik.

 

– Birol bəy, ilk dəfə xüsusi şərtlər əsasında film çəkirsiniz. Öncə filmin hekayəsi, ideyası barədə məlumat verərdiniz...

– Bu ilki ortaya çıxaran səbəb də elə son zamanlar dünyanın yaşadığı koronavirus pandemiyası və onun çətinləşdirdiyi həyat şərtlərindən irəli gəlib. Məhz buna görə fərqli bir üsul seçdim və zənnimcə, film uğurlu alındı. Filmdə “Seksenler” serialında çəkilmiş bütün aktyor heyəti rol alıb. Baş rolu – rejissoru özüm oynayıram. Filmdə rejissor aktyorları çəkiliş meydanına gətirmək və “Seksenler” serialının davamını çəkmək istəyir. Lakin aktyorlar israrla bildirirlər ki, vəziyyət təhlükəlidir və bu durumda evdən çıxa bilməzlər. Filmin hekayəsində aktyorların evdən çıxmaq istəmədiklərini, rejissorun isə buna cəhd etdiyini anlatmağa çalışırıq. Yəni rejissor “Seksenler” filmini çəkə bilmir, amma bu proses, aktyorlarla rejissorun arasında baş tutan dialoq başqa bir filmin ortaya çıxmasına səbəb olur. Nəticədə biz bu aktyorları koronavirus şərtlərində yaşadıqları ev həyatlarını görürük. Filmin fərqi odur ki, süjetlər hər bir aktyorun öz evində çəkilib və bu aktyorların evlərində kim varsa, onlar da filmdə oynayır. Bu, dünya kino təcrübəsində bir ilkdir. Tamaşaçı birinci seriyanı seyr etdikdən sonra prosesləri daha aydın şəkildə anlaya biləcək. Aprelin 4-də TRT 1-də filmin anonsu verildi. Aprelin 9-dan isə artıq hər kəs TRT 1 kanalında serialı seyr edə biləcək.

 

– Belə bir çətin layihənin reallaşdırılmasını vacib edən səbəb nə oldu? Filmin çəkilişində tamamilə həvəskar üsul tətbiq edilib. Peşəkar texniki avadanlıq, qrimçi və s. yoxdur. Nəticədə ortaya həvəskar film də çıxa bilərdi. Yəni bu həm də riskli bir işdir...

– Düşündüm ki, evdə boş-boşuna oturmaqdansa, bir iş görüm. Mənim bacardığım isə ssenari yazıb film çəkməkdir. Əvvəlcə öz-özümə sual verdim ki, bu şərtlərdə film çəkə bilərəmmi? Cəhd etdim və gördüm ki, alındı. Çünki hər evdə ən azından bir mobil telefonu var və o telefonda da bir kamera var. Əgər bir evdə bir mobil telefon, kamera və aktyor varsa, film də çəkilə bilər. Etiraf edim ki, doğrudan da, çox çətin bir layihədir. Amma burda maraqlı olan, hər evin bir film çəkiliş meydanı olmasıdır. Çəkiliş qrupu – işıqçı, qrimçi, modelyer, operator, aktyorlar – yalnız iki nəfərdən ibarətdir: ər və arvad. Makiyajı, qrimi də özləri edir. Onlar bir film obrazı deyillər, özləri özlərini oynayırlar. Hansı aktyorun uşaqları varsa, o ailələr daha şanslıdır. Bəzi ailələr də var ki, ər-arvad hər ikisi aktyordur və onlar da şanslıdır. Məsələn, bir dostumuz var, həm də sənədli film çəkir. Onun sayəsində çəkilişlər çox gözəl alınır. Bəlkə də öncə, siz dediyiniz kimi, düşünəcəklər ki, belə şərtlərdə film çəkilə bilərmi? Amma biz bacardıq və maraqlı bir film ortaya çıxdı. Təbii ki, TRT 1-də də bunun bir həvəskar film olacağını düşünmüşdülər. Amma əksi oldu: ortaya tam bir peşəkar iş çıxdı. Film həm də bir innovativ layihədir. Bu aktyorlar üçün də bir yenilik, dəyişiklik oldu. Aktyorlarla telefonla görüntülü danışırıq. Çünki hər birimiz evdəyik. Onu da qeyd edim ki, biz indi özəl şərtlərdə yaşayırıq. Mən bu filmin – yəni yaşadığımız şəraitin qısa olmasını istəyirəm.

 

– Serial barədə məlumatlarda onun Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə çəkildiyi bildirilir. Amma, qeyd etdiyiniz kimi, filmin həm də komediya tərəfləri olacaq...

– Çox məzəli bir film alınıb. “Koronadan uzaq durun, məsafələri gözləyin, əl-üzünüzü yuyun” kimi fikirlər məzəli şəkildə ifadə olunub. Lakin bu, eyni zamanda maarifləndirmədir. Yəni maarifləndirici fikirləri komediyanın içərisində verməyə çalışırıq. Onsuz da indi bütün ailələrdə ümumi bir mövzu var, o da koronavirusdur. Bu hekayədə aktyorların evdən bir addım belə atıb çölə çıxmamaları özü də bir maarifləndirmədir. Başqa sözlə, tamaşaçı filmdə sevdiyi aktyorların evdən çıxmadığını görür və o da evdən çıxmamağa qərar verir. Amma filmi çəkməkdə birinci məqsədimiz insanları əyləndirməkdir. Çünki bu aralar maarifləndirmə də insanlar üçün cansıxıcı olub. Yəni, məsələn, artıq mən televiziyada bu cür proqramlara baxmaq istəmirəm. Əminəm ki, “Ev yapımı” adlı bu serial qəhqəhə ilə dolu, məzəli anları ilə insanların əhvalını yüksəldəcək. Amma sonucda bu bir serialdır və uzun sürməz. İstərdim ki, ən yaxın zamanda koronavirus da bitsin, serial da bitsin.

 

– Deməli, koronavirus dramını komediyaya çevirdiniz…

– Əlimizdən başqa şey gəlmir. Yəni başqa bir bacarığımız yoxdur. Bu gün buna ehtiyac var. Əgər insanlar hadisələri drama, faciəyə çevirərək çox ciddiyə alarlarsa, depressiyaya girəcəklər. Düşündüm ki, bəlkə də bu filmlə insanların əhvalları yüksələr, uşaqlar xoşbəxt olar, insanlar gülümsəyər. Film 50 dəqiqə davam edir. Yəni 50 dəqiqə sonra tamaşaçı reallığa qayıdır. Bizim vəzifəmizə düşən budur. Evdə olmaq, həm də vətənə, millətə xidmət etmək. Bunu etməsək, boş oturmuş oluruq.

Mehparə SULTANOVA
Ankara