Ölkə ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) də tədris prosesi dayandırılıb.
Universitetdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə bir çox dərslər distant tədris olunur. Mart ayının sonlarından etibarən müəllimlər onlayn dərslərə başlayıblar.
Onlayn dərslərin keçirilməsi üçün müəllimlərin və tələbələrin internetə çıxış imkanları nəzərə alınmaqla, geniş yayılmış virtual ünsiyyət üçün kompüter proqramlarının və mobil tətbiqlərin imkanlarından istifadə olunur. Dərslərə bütün fakültələrdə bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr cəlb edilib. Tezliklə vahid platformanın tətbiqi ilə onlayn tədrisi mümkün olan bütün fənlər üzrə tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulur.