Yarım əsrdən artıq tarixi olan, vaxtilə “Mədəni maarif”, son illərdə isə “Mədəni həyat” və “Mədəniyyət.AZ” adlanan jurnal 2020-ci ildən yeni – “Mədəniyyət/Culture” adı ilə nəşr olunur.
Mədəniyyət Nazirliyinin nəşri olan “Mədəniyyət/Culture” elmi-metodiki, publisistik jurnalının ilk sayında (yanvar-fevral) müxtəlif mövzularda yazılar, o cümlədən tədqiqat materialları yer alıb.
Filologiya elmləri doktoru Abid Tahirli görkəmli Azərbaycan ziyalısı və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun epistolyar irsinə işıq salıb. Tanınmış teatrşünas Aydın Talıbzadənin “Mən… bir heç…” essesi Yuğ teatrında rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan tamaşa haqqındadır. Jurnalda həmçinin ədəbiyyatşünas, repressiya qurbanı Məmməd Kazım Ələkbərli, şair-dramaturq Rüfət Əhmədzadə, məşhur tarzən Əhsən Dadaşov, dünyasını vaxtsız dəyişən, amma xatirələrdə istedadlı, yenilikçi musiqiçi və gözəl insan kimi yaşayan Cahangir Qarayev, unudulmaz aktyor və qiraətçi Səməndər Rzayev, əfsanəvi Azərbaycan generalı Həzi Aslanov haqqında maraqlı yazılar verilib.
Nəşrdə “Sevil” operasının melo-harmonik dili”, “Qarabağ xalçalarında insan təsvirləri”, “Milli rəqs sənəti” və digər mövzularda elmi tədqiqatlarla da tanış olmaq mümkündür.