Əlamətdar gün bu il virtual rejimdə qeyd olunacaq
18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği ilə bağlı müxtəlif tədbirlər, sərgilər təşkil olunurdu. Bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb.
Ölkəmizdə tətbiq edilən sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.
Dövlət Xidməti, eləcə də tabe qoruqlar öz fəaliyyətini videokonfrans rejimində tənzimləyir. Yaranmış vəziyyətlə əlaqədar olaraq bütün qoruqlar ziyarətçilər üçün onlayn rejimdə fəaliyyət göstərir, tarixi məkanlara videoturlar hazırlayaraq sosial şəbəkələr vasitəsilə yayımlayırlar. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil olunan beynəlxalq videokonfranslara ölkəmizin mədəni irs sahəsində tanınmış mütəxəssisləri də qatılaraq məruzələrlə çıxış edir, fikir mübadiləsi aparılır.
Həyata keçirilən işlərin davamı olaraq aprelin 17-də Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkə üzrə mədəni irs sahəsində çalışan tanınmış mütəxəssislərin qatılacağı geniş videokonfrans keçiriləcək.