Azərbaycan Milli Xalça Muzeyinin yeni layihəsi

Hamımızın evində valideynlərimizdən, nənə-babalarımızdan bizə qalan, özündə neçə-neçə nəsillərin xatirələrini yaşadan xalçalar var.

Onlar bizim evlərimizin bədii tərtibatının əsas hissəsidir. Bu xalçaları hər yay təmizləyir və gələn qışa qədər səliqə ilə qatlayırıq. Beləliklə, xalçalar onilliklərlə sevinc və kədəri bizimlə bölüşür, evdə rahatlıq yaradır, onların rəng ahəngdarlığı və kompozisiya müxtəlifliyi istənilən interyerə xoş bayram əhval-ruhiyyəsi gətirir. Bəzi xalçalar nəsildən-nəslə ötürülür, bəziləri isə xüsusi olaraq hansısa mərasim və ya hadisə üçün hazırlanır. Onlar həm yadigar hədiyyə, həm də qiymətli mirasdır.

Bu irsi və adət-ənənələri nəzərə alaraq Azərbaycan Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsini həyata keçirir. Muzey hər kəsə bu layihəyə qoşulmağı, öz xalça hekayələrini, sevimli xalçalarının tarixçəsini, onunla bağlı maraqlı xatirələri bölüşməyi təklif edir. Layihəyə arzu edən hər kəs qoşula bilər.

Bunun üçün evinizdəki qədim, maraqlı tarixçəsi olan və sizin üçün dəyərli xalçanın fonunda foto və ya video (2 dəqiqədən artıq olmamaq şərtilə) çəkdirin; Foto ilə birlikdə yazdığınız maraqlı xalça hekayəsini və ya xalça hekayənizi danışdığınız videonu öz “Facebook” və ya “İnstagram” səhifələrinizdə #carpetmuseum #xalchahekayeleri #ковровыеистории #carpetstories #MuseumsAndChill həştəqləri ilə hər kəsə açıq şəkildə paylaşın.

Öz hekayənizi həmçinin xalchamuzeyi@gmail.com e-mail ünvanına göndərin. Sonda ən maraqlı hekayələr seçilərək muzeyin sosial şəbəkələrində paylaşılacaq.