Azərbaycan
15 aprel 1892 – Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 – 19.2.1983) anadan olub.
15 aprel 1905 – Məşhur memar, akademik Sadıq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Bakı Musiqi Akademiyasının binalarının və s. tikililərin layihələndirilməsində iştirak edib.
15 aprel 1907 – Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1907 – 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. “Koroğlu” operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
15 aprel 1928 – Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.
15 aprel 2010 – Xalq artisti Telman Abbasqulu oğlu Adıgözəlov (17.7.1953 – 2010) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, filmlərdə çəkilib.
16 aprel 1913 – Əməkdar artist Kərim Xankişi oğlu Sultanov (1913-1975) Tovuz rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.
16 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 – 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri - Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.
16 aprel 1934 – Xalq artisti, bəstəkar Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Gəl, qohum olaq”, “Amerikalı kürəkən”), simfonik əsərlər, mahnılar (“Oxu, tar”, “Dalğalar” və s.), filmlərə musiqi (“Alma almaya bənzər”, “Qəzəlxan”) yazıb.
17 aprel 1884 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884 – 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.
17 aprel 1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899 – 6.1.1975) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetinin professoru olub, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.
17 aprel 1924 – Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev (1924-1978) İrəvanda doğulub.
17 aprel 1928 – Milli vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 – 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
18 aprel 1873 – Tanınmış xanəndə Məcid Behbudalı oğlu Behbudov (1873 – 6.9.1945) Şuşada anadan olub. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 – 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
18 aprel 1941 – Teatr rəssamı Solmaz Manaf qızı Haqverdiyeva (1941-2000) Bakıda anadan olub. Akademik Milli Dram, Kukla, Gənclər teatrlarında işləyib.
18 aprel 1991 – Əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934 – 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Könlümdə yaşayanlar”, “Ay gecikən məhəbbətim” və s.
19 aprel 1905 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (1905 – 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.
19 aprel 1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 – 5.12.1996) Zaqatalada anadan olub. “Nəğməli könül”, “Məhəbbət olmayanda”, uşaqlar üçün “Lalənin kitabı”, “Atlas yarpaqlar” və s. kitabların müəllifidir.
19 aprel 1927 – Əməkdar artist Tamara Nuran qızı Məmmədova (1927-2000) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası olub.
19 aprel 1954 – Tanınmış rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı (1954 – 2.4.2019) Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir, Akademik Milli Dram teatrlarında tamaşalara, “Yük” “Cavad xan” filmlərinə quruluş verib.
Dünya
15 aprel 1452 – Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci; 1452 – 2.5.1519) Florensiyada doğulub. Məşhur əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.
15 aprel 1489 – Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489 - 7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
16 aprel 1844 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub.
16 aprel 1889 – İngilis aktyoru, rejissor Çarli Çaplin (Charles Spencer Chaplin; 1889-1977) anadan olub.
16 aprel 1924 – Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini; 1924-1994) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.
17 aprel 1894 – Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (1897-1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
18 aprel 1819 – Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.
19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə yazıb.
19 aprel 1900 – İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes; 1900-1976) anadan olub. İlk radiopyeslərin müəllifidir.
Hazırladı: Vüqar ORXAN