Azərbaycanda əhalini yeni növ koronavirus (COVİD-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNIİCEF) dəstəyi ilə maarifləndirmə tədbirləri həyata keçirilir.

Tədbirlər çərçivəsində əhali, xüsusən uşaqlar üçün maarifləndirici materialların hazırlanaraq aidiyyəti üzrə paylanılması nəzərdə tutulur. Materiallarda uşaqlara evdə qalmağın vacibliyi izah olunur, immun sisteminin möhkəmləndirilməsi, düzgün qidalanma, ev şəraitində fiziki aktiv olmaq, onlayn tədris layihələrinə qoşularaq dərslərini hazırlamaq və digər mövzular üzrə tövsiyələr yer alıb. Uşaq və valideynlərdə təşvişin aradan qaldırılması, stresin idarə olunması üzrə məlumatlar da maarifləndirici vərəqələrdə əhalinin diqqətinə çatdırılır. Bu mövzularda, həmçinin sosial şəbəkələrdə müntəzəm olaraq maarifləndirici materialların paylaşılması və qısa videoçarxın hazırlanması həyata keçiriləcək.

Hazırlanan materiallar www.isim.az saytında yaradılan “Koronavirus haqqında” məlumat bölümündə yerləşdiriləcək.