Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “Youtube” şəbəkəsi üzərindən “Bakı Mədəniyyət Kanalı” adlı yeni layihə həyata keçirməyə başlayıb.
Əsas konsepti incəsənət, tədris və əyləncəli məzmun üzərində qurulan “Bakı Mədəniyyət Kanalı” izləyicilərə fərqli və müasir rubrikalar, daha öncə çəkilməyən formatlarda videolar təqdim edəcək. İndiki dönəmdə isə kanal #evdeqalspecials xüsusi videolayihələr hazırlayaraq təqdim etməyi nəzərdə tutur. Qeyd etmək lazımdır ki, “Bakı Mədəniyyət Kanalı”nın brendinqi “Azerbaijan Design Awards” layihəsində müvafiq nominasiya üzrə birinci olub.
Kanal xüsusi karantin dövründə, sosial təcrid müddətini daha əyləncəli və faydalı etmək məqsədilə “Evdə Qal Specials” buraxılışı çərçivəsində ilk video təqdim edib.
İlk buraxılışda xaricdə yaşayan, fərqli sənət sahibi olan həmvətənlərimizlə ünsiyyət yaradılıb. Avstriyadan pianoçu və bəstəkar Abuzər Manafzadə, İtaliyadan animator Firəngiz Bağırova, Almaniyadan Arzu Məmmədova və Xorvatiyadan Osman Eyyublu verilişin qonağı olublar. Aparıcı onlarla internet üzərindən eksperimental musiqi, incəsənətin təbliği, onlayn təhsil və digər maraqlı mövzularda özünəməxsus əyləncəli tərzdə söhbət edib.
Kanalda növbəti günlərdə fərqli məzmunda həm əyləncəli, həm də informativ verilişlər yayımlanacaq.
LALƏ