Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası xüsusi karantin rejimi müddətində fəaliyyətini internet üzərindən – virtual formatda müxtəlif layihələrlə davam etdirir.
Kitabxananın təşəbbüsü ilə orta məktəb şagirdləri ilə keçirilən növbəti onlayn görüşün qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, publisist Rəşad Məcid olub. O, uşaqlarla geniş diskussiya aparıb, öz əsərləri, kitabları haqqında məlumat verib. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovanın da iştirak etdiyi onlayn görüşdə şagirdlərin mütaliəyə marağı yüksək qiymətləndirilib, kitabxananın internet saytı (www.clb.az), elektron resursları haqqında ətraflı məlumat verilib.
***
Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür və bu təşkilatın Azərbaycanın milli bölməsi funksiyasını yerinə yetirir. Bu günlər kitabxananın həyata keçirdiyi layihələr Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən də təqdirlə qarşılanır. İBBY “Twitter” sosial səhifəsində Respublika Uşaq Kitabxanasının fəaliyyətini bəyənib, izləyiciləri arasında paylaşıb.
Kitabxananın virtual xidmətindən təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda yaşayan azərbaycanlı uşaqlar da bəhrələnir. Gün ərzində 1000-ə yaxın virtual oxucu kitabxananın sosial şəbəkələrdə olan xidmətlərindən istifadə edir.
***
Bu günlərdə Respublika Uşaq Kitabxanası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “kitab hədiyyəsi” aksiyasına da qoşulub. Layihə xəstəxanalarda koronavirusdan müalicə alan uşaqlara dəstək məqsədilə həyata keçirilir. Aksiyaya Respublika Uşaq Kitabxanası ilə yanaşı, müxtəlif nəşriyyat, qurum və yazarlar da qoşulub. Qısa müddət ərzində 300-ə yaxın kitab toplanıb.