Mədəniyyət Nazirliyi yeni layihəni təqdim edir

COVİD-19 pandemiyasının yayılması səbəbindən ölkələrdə tətbiq edilən xüsusi karantin rejimi həyatın bütün sahələrində fövqəladə şəraitə uyğun, çevik davranmağı tələb edir.

Ölkəmizdə də xüsusi karantin rejimi elan edildikdən sonra əmək fəaliyyətinin əsas məkanı insanların öz yaşadıqları evləridir və tətbiq edilən yeni iş metodları, internet resurslarından, mövcud texniki vasitələrdən istifadə nəticəsində ayrı-ayrı sahələrdə fəaliyyət qismən təmin edilib.

Xüsusi karantin dövründə Mədəniyyət Nazirliyi də öz fəaliyyətini mövcud şəraitə uyğunlaşdırılmış şəkildə davam etdirir. Müxtəlif onlayn layihələr, müsabiqələr, konsertlər təşkil edilir.

Nazirlik özünün bu qəbildən olan yeni “Evim – yeni iş yerim” layihəsini elan edib. Layihənin məqsədi insanların ev şəraitində öz işlərini qurmasına, məsafədən idarəçiliyin metodları barədə təbliğat, maarifləndirmə işləri aparmaqla mövcud şəraitdə hər kəsi pozitiv əhval-ruhiyyəyə səsləmək, ruh yüksəkliyi və nikbinlik aşılamaqdır.

Layihə çərçivəsində ilkin olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan idarə və təşkilatların iş prinsipi, əldə etdikləri nailiyyətlər videorolik formasında nazirliyin rəsmi “Facebook” səhifəsində #evimyeniişyerim həştəqi ilə nümayiş etdiriləcək. Eyni zamanda təşəbbüslə bağlı ictimaiyyət nümayəndələrini, müxtəlif təşkilat və şəxsləri işlərini karantin rejimində necə qurmaları ilə bağlı videolarını hazırlamağa və sosial şəbəkələrdə #evimyeniişyerim həştəqi ilə paylaşmağa çağırırıq.

Öz fəaliyyətlərini ən innovativ yeniliklərlə quran, habelə paylaşılan videosu ən çox baxış sayı alan şəxslər, təşkilatlar 25-30 may tarixində aparılacaq onlayn monitorinqlərdən sonra mükafatlandırılacaq.