Son günlər ərzində mənə ünvanlanan minlərlə məktub göstərir ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas zamanı deyib.
Prezident vurğulayıb ki, bu günlər Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi beynəlxalq müstəvidə də həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atır. Azərbaycanın hazırda sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində keçirilən Zirvə görüşü də bunu bir daha nümayiş etdirdi.
Eyni zamanda ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb: “Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk”.
Ölkədə pandemiya ilə bağlı karantin rejiminin aprelin 20-dən sonra uzadılması ilə bağlı məsələyə toxunan dövlət başçısı qeyd edib ki, bu, mütəxəssislərin ortaq fikridir və düzgün addımdır. Çünki xəstəliyə yoluxma sayına nisbətdə sağalan insanların sayında müsbət dinamika hələ ki ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik.
Dövlət başçısı qeyd edib ki, karantin rejiminin davam etməsi ilə bərabər biz insanların sosial müdafiəsini daha da gücləndirməliyik: “Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.
Prezident həmçinin aztəminatlı ailələrin problemlərinin daha geniş şəkildə həll edilməsi üçün zəruri addımların atıldığını deyib. Qeyd edib ki, ilkin mərhələdə 200 min insanın dövlətdən 190 manat yardım alacağı nəzərdə tutulurdu. Amma indi ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq: “Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz... Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun”.
Prezident karantin rejimindən tədricən çıxmaq barədə tədbirlərin də ətraflı nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb və bununla bağlı müvafiq tapşırıqlar verib: “Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada – mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət, o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.
Əlbəttə, məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlərimiz insanlara kömək göstərmək üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi, ilk növbədə, onunla bağlıdır ki, biz xəstəliyin yayılma sürətini nəzarət altında saxlaya bildik. Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi”.
Prezident sonda pandemiya ilə bağlı karantin müddətinin uzadılmasının düzgün addım olduğunu bir daha diqqətə çatdıraraq deyib: “Bu hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.