Bakı Xoreoqrafiya Akademiyasının yeni layihəsi
Pandemiya səbəbindən ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi və sosial təcrid tədbirləri şəraitində elm və sənət sahələrində fəaliyyət göstərən yaradıcı insanlar müasir informasiya texnologiyaları vasitəsilə yeni virtual layihələr hazırlayaraq ictimaiyyətə təqdim edirlər.
Mədəniyyət Nazirliyinin “Mədəniyyət” kanalı ilə birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsinin konsepsiyasına uyğun olaraq, Bakı Xoreoqrafiya Akademiyası (BXA) da professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” devizi ilə layihəyə start verib.
BXA-dan bildirilib ki, layihə çərçivəsində bu təhsil ocağının müəllimlərinin elmi nailiyyətləri və yaradıcılığını əks etdirən ustad dərsləri, mühazirə və seminarlar, konsert proqramlarının nümayişi, “Bədii təhsilin aktual problemləri” mövzusunda VII respublika elmi-nəzəri onlayn konfransının, eləcə də “Yallı – birliyin rəmzi olan rəqs” fləşmobunun keçirilməsi nəzərdə tutulur.