BMT-nin baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə əlaqədar müsəlmanları təbrik edib.

Təbrikdə dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının bu il COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri səbəbindən fərqli olacağı vurğulanır.

Eyni zamanda bildirilir ki, münaqişə zonalarında olan bir çox insan bu ayı yenə müharibələr və təhlükəli mühitdə qeyd edəcək.

“Bu yaxınlarda mən ümumi mübarizəmizi virusu aradan qaldırmağa yönəltmək üçün dərhal qlobal atəşkəsin bərqərar olmasına dair çağırış etmişdim. Bu gün Qurani-Kərimin “Əgər onlar sülhə meyil etsələr, sən də sülhə meyil et” sözlərini xatırladaraq bu çağırışımı təkrarlayıram”, – deyə baş katib bildirib.

Müraciətdə vurğulanır ki, Ramazan ayı həmçinin əhalinin ən həssas təbəqələrini dəstəkləmək deməkdir: “Öz inancları ilə yaşayan, İslam dininin qonaqpərvərlik və səxavət ənənələrinə riayət edərək münaqişələrdən xilas olanları dəstəkləyən müsəlman dünyasının hökumətlərinə və xalqlarına təşəkkürümü bildirirəm”.