ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Bukharian Times” qəzetində “Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Azərbaycan multikulturalizmi və dini tolerantlığı” adlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan Respublikası ən tolerant ölkələrdən biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır. Ölkədə məscid, kilsə və sinaqoqların yanaşı yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrı-seçkiliyin olmadığını göstərir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib.
Qeyd edilir ki, Azərbaycanda dinlərarası tolerantlığın çox güclü təməl dayaqları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Tarixən bir çox millətlərin nümayəndələri Azərbaycan ərazisində yaşayıblar. Xalqların bir-birilərini daha da yaxından tanıması və əlaqələrin möhkəmlənməsində mədəniyyət sahəsində layihələrin keçirilməsi önəmlidir.