Musiqi müsabiqəsi

Mədəniyyət Nazirliyi 2020-ci ilin aprel-may aylarında respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzlərinin şagirdləri arasında distant (məsafədən) Respublika musiqi müsabiqəsini keçirir. Müsabiqənin əsas məqsədi koronavirus pandemiyası ilə bağlı sosial təcrid şəraitində bədii təhsil müəssisələrinin fəaliyyətinin aktivləşdirilməsi, aparılan distant dərslərin nəticə və göstəricilərinin stimullaşdırılması, karantin dövründə məsafədən təhsil alan şagirdlərin dəstəklənməsi və nailiyyətlərinin təbliğ edilməsindən ibarətdir.

Müsabiqə bir turdan ibarət olmaqla, uşaq musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzlərinin şagirdləri arasında fortepiano, simli alətlər ixtisasları üzrə üç qrupda (I qrup – II-IV siniflər, II qrup – V-VII siniflər, III qrup – VIII-XI siniflər), nəfəs və zərb alətləri, xalq çalğı alətləri, xanəndəlik və vokal ixtisasları üzrə isə iki qrupda (I qrup – III-V siniflər, II qrup – VIII-XI siniflər) keçirilir.

İştirakçıların çıxış proqramlarının videoyazısı və iştirakçının və müəllimin (konsertmeysterin) şəxsiyyətini təsdiq edən sənədlərin surətləri bir elektron qovluqda 5 may 2020-ci il tarixinədək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına (elm.memim@gmail.com) göndərilməlidir.

Əlaqə telefonları: (050) 310-60-44,  (070) 222-08-83, (070) 711-33-10.

Müsabiqədə hər tədris müəssisəsindən hər ixtisas və qrup üzrə yalnız bir nəfər iştirak edə bilər.

Fortepiano, xalq çalğı, nəfəs və zərb alətləri ixtisasları üzrə ifa proqramına tədris proqramlarına uyğun olaraq iki müxtəlif xarakterli pyes daxil edilməlidir. Pyeslərdən biri Azərbaycan bəstəkarının əsəri olmalıdır. Xanəndəlik ixtisası üzrə çıxış proqramına bir xalq və ya bəstəkar mahnısı və muğam, vokal ixtisası  üzrə iki əsər (sərbəst seçim) daxil edilməlidir.

Müsabiqə iştirakçılarının mükafatlandırılması üçün hər qrup üzrə bir I dərəcəli, iki II dərəcəli, üç III dərəcəli diplom və hədiyyələr, fərqlənən iştirakçılar, müsabiqə laureatlarının müəllim və konsertmeysterləri üçün fəxri fərmanlar nəzərdə tutulur.

 

Rəsm və əl işləri müsabiqəsi

Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ilin aprel-may aylarında respublikanın uşaq incəsənət və rəssamlıq məktəblərinin şagirdləri arasında keçirilən daha bir distant Respublika müsabiqəsi isə Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin dünyada zorakılığa, bəşəriyyət üçün təhlükələrə, kütləvi insan tələfatına səbəb olan müharibələrə qarşı etiraz, həmçinin doğma Vətənə məhəbbət, Azərbaycan tarixinə, mədəni irsinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin dəstəklənməsindən ibarətdir.

Müsabiqə rəsm və əl işlərindən ibarət olaraq iki qrup (I-II siniflər, III-IV siniflər) üzrə keçirilir.

Rəsm və əl işlərinin mövzusu: Böyük Vətən müharibəsində faşizmə qarşı dünya xalqlarının, xüsusilə Azərbaycan xalqının, onun mərd insanlarının arxa və ön cəbhədəki fədakarlığının tərənnümü.

Rəsm işləri kağız, kətan və digər materiallar üzərində A3 formatda olmalıdır. İstənilən texniki üsullarla (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsm əsərləri və əl işləri qəbul olunur. Hər bir tədris müəssisəsindən cəmi 8 əl işi qəbul edilir və hər bir iştirakçı fərdi olaraq müsabiqəyə maksimum iki əsər təqdim edə bilər.

Əl işlərinin fotosu, müəllifin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, anket-ərizə bir elektron qovluqda 1 may tarixinədək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına (elm.memim@gmail.com)  göndərilməlidir. Əlaqə telefonları: (050) 310-60-44, (070) 222-08-83, (070) 711-33-10.

İştirakçıların mükafatlandırılması üçün hər qrup üzrə bir I dərəcəli, iki II dərəcəli, üç III dərəcəli diplom və müvafiq hədiyyələr, fərqlənən iştirakçılar və laureatların müəllimləri üçün fəxri fərmanlar təsis olunub.