Xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə Mədəniyyət Nazirliyi və Gənclər Fondu tərəfindən reallaşdırılan “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.
Gənclər Fondundan bildiriblər ki, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən layihə ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmağa imkan yaradır. Layihə çərçivəsində növbəti virtual səyahət Azərbaycan Milli İncəsənət Muzeyi haqqında növbəti videotəqdimatı ilə davam edir. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ölkənin ən böyük incəsənət muzeyində Qərbi Avropa, Rusiya, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin örnəklərini görmək mümkündür. Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.