Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzi hər gün axşam saat 21:00-da “İnstagram” vasitəsilə uşaqlara “Yuxunuz şirin olsun” layihəsi çərçivəsində mərkəzin kukla teatrının tamaşalarını təqdim edir.

İdarədən bildirilib ki, aparıcının və kuklaların dili ilə maraqlı nağıllar obrazlı şəkildə uşaqlara danışılır. Balacalar nağıllarla yanaşı, maarifləndirici məlumatları dinləyirlər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle çağırışı çərçivəsində sosial şəbəkə üzərindən konsertlər də davam edir. Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının “İnstagram” üzərindən keçirdiyi musiqili yayımda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, gənc xanəndə Vüqar Əbilov çıxış edib. Onu yayıma qoşulmaqla tarda Saleh Salahov, kamançada Fərrux Haşımov, zərb alətlərində Əkbər Məmmədov müşayiət ediblər.