“Min illər ərzində insan oğlu təbiətlə harmoniya şəraitində mövcudluğunu sürdürüb, planetin sərvətlərindən geninə-boluna istifadə edib. Yer Gününün bu cür şəraitdə qeyd olunduğu bir vaxtda biz özümüzə sual verməliyik: “Yaşadığımız planetə lazımi diqqəti göstərmişikmi? Onun gələcəyi naminə məsuliyyətimizi dərk etmişikmi?”.
Bu sözlər İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – İCESCO-nun 22 aprel – Yer Günü münasibətilə dünya ictimaiyyətinə müraciətində vurğulanır.
Bəşəriyyətin diqqətini qlobal ekoloji problemlərə cəlb etmək məqsədilə Yer Günü (Earth Day) aksiyası ilk dəfə 1970-ci il aprelin 22-də ABŞ-da senator Qeylord Nelsonun təşəbbüsü ilə qeyd olunub. 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Yer Günü kimi təsis olunub.
Müraciətdə qeyd olunur ki, hazırda qlobal fəlakət fonunda Yer kürəsi də öz haqlarını bərpa edir. Dünya ictimaiyyətinin ətraf mühitin qorunması və planetdə həyatın gələcəyi naminə səylərinə baxmayaraq, insanlar onun təbii sərvətlərindən insafsızcasına istifadəyə davam edir və öz sosial-iqtisadi maraqları üçün ekoloji problemləri arxa plana keçirirlər. Artıq ozon qatının deşilməsi və qlobal istiləşmə bəşəriyyət üçün real təhlükə mənbəyinə çevrilib.
“Bəlkə də COVİD-19 böhranı insanların Yer kürəsinə mənfi təsirini bir daha anlamaq üçün bir fürsətdir. Son tədqiqatlara əsasən, pandemiyanın yayılmasından sonra atmosferdə ozon qatı da tədricən bərpa olunur. Bunun səbəbi kimyəvi maddələrin və istixana qazları tullantılarının azalması, hava, dəniz və yerüstü nəqliyyatın hərəkətinin xeyli azalmasıdır. COVİD-19 virusunun yayılması ilə bağlı görülən tədbirlər nəticəsində yüksək karbon qazı emissiyası olan ərazilərdə tullantıların miqdarı da 25 faiz azalıb”, - deyə müraciətdə bildirilir.
Təşkilat gələcək nəsillərə daha təmiz və təhlükəsiz dünya əmanət etmək üçün dünya ictimaiyyətini pandemiya böhranının fəsadlarının qarşısını almağa, perspektiv ssenariləri yenidən nəzərdən keçirməyə, qarşıdakı dövrdə baş verə biləcək bu cür fəlakətlərə qarşı uzunmüddətli fondlar yaratmağa, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirməyə çağırıb.