Azərbaycan

26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanları, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.

26 aprel 1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.

 

27 aprel 1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.

27 aprel 1951 – Əməkdar artist, tanınmış kamança ifaçısı, Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub. Moskvada Beynəlxalq musiqi müsabiqəsinin (1974) qalibi olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) müəllim işləyib.

27 aprel 2007 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927 – 2007) vəfat edib. Bakıda doğulub, dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

 

28 aprel 1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 – 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.

28 aprel 1916 – Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub. Musiqili Komediya Teatrının baş rəssamı işləyib.

28 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub. Simfonik əsərlərin, romansların, “Duyğular” vokal silsiləsinin müəllifidir.

28 aprel 1917 – Xalq artisti Məhluqə Sadıqova (1917 – 15.8.2003) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

28 aprel 1920 – Məşhur tarzən, Xalq artisti Hacı Məmməd oğlu Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.

28 aprel 1920 – Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 – 28.1.1987) anadan olub.

28 aprel 1921 – Tanınmış dilçi alim, professor Məmməd Tağı oğlu Tağıyev (1921 – 28.9.1994) Samux rayonunda doğulub. Alimin rəhbəliyi altında “Azərbaycanca-rusca lüğət” (4 cilddə) hazırlanıb.

28 aprel 1925 – Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonunun Kürdəsər kəndində doğulub. “Dağlar oğlu”, “Torpağın ətri” və s. romanların müəllifidir. 

28 aprel 1956 – Tanınmış tarzən Gülağa Tapdıq oğlu Zeynalov (1956 - 2.1.2015) Şuşa şəhərində doğulub. Mədəniyyət və İncəsənət Universitetinin  kafedra müdiri olub.

 

Dünya

 

26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.

26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886-1913) anadan olub.

 

27 aprel 1791 – Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse, 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı və Morze kodu (teleqraf əlifbası) onun adı ilə bağlıdır.

27 aprel 1878 – Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə; 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.

 

28 aprel 1848 – Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte; 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.

28 aprel 1902 – Norveç yazıçısı Yohan (Johan) Borgen (1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.

Hazırladı:  Vüqar ORXAN