Azərbaycan

29 aprel 1919 – Kinorejissor, SSRİ Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 – 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.

 

30 aprel 1880 – Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 – 15.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən əsərləri “Molla Nəsrəddin” jurnalında dərc olunub. Milli təsviri sənətdə karikatura janrının, kitab qrafikası sənətinin (M.Ə.Sabirin “Hophopnamə” kitabına illüstrasiyalar, 1914) banisi sayılır.

30 aprel 1920 – Əməkdar mədəniyyət işçisi, tarzən Kamil Əlisəftər oğlu Əhmədov (1920–1996) Bakıda anadan olub.

30 aprel 1946 – Əməkdar artist Xanlar Yunis oğlu Muradov (1946 – 5.2.2005) Sumqayıtda doğulub. Sumqayıt Musiqili Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərə çəkilib.

 

1 may 1901 – Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.

1 may 1910 – Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910-1992) Şuşada doğulub. Operalarda Leyli (“Leyli və Məcnun”, “Aşıq Qərib” və s.) əsas partiyalarda çıxış edib.

1 may 1928 – Əməkdar rəssam Tələt Ağalar oğlu Şıxəliyev (1928-1987) Masallı rayonunun Digah kəndində anadan olub. Yaradıcılığında portret janrı üstünlük təşkil edir.

1 may 1934 – Yazıçı, dramaturq İsi Abbas oğlu Məlikzadə (1934 – 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Küçələrə su səpmişəm” və s.) çəkilib.

1 may 1936 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 – 27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.

1 may 1947 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rauf Tofiq oğlu Əliyev (1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə (“Yalan”, “Fəryad”) musiqi yazıb.

1 may 1950 – Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 – 1950) vəfat edib. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər”, “Gizli Bakı” romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

 

Dünya

 

29 aprel 1727 – Tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi Jan-Jorje Nover (Jean-Georges Noverre; 1727–1810) anadan olub. Onun xatirəsinə ehtiram olaraq 29 aprel Beynəlxalq Rəqs Günü kimi (1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib) qeyd olunur.

29 aprel 1842 – Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker; 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”.

29 aprel 1907 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatçısı Fred Sinneman (Fred Zinnemann; 1907-1997) anadan olub.

 

30 aprel 1870 – Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qraf Lüksemburq”, “Qaraçı məhəbbəti”, “Eva”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.

30 aprel 1883 – Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.

 

1 may 1881 – Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin; 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.

1 may 1924 – Rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.

1 may 1924 – Gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.

Hazırladı:  Vüqar ORXAN