Koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkədə tətbiq olunan karantin rejimi əyləncə-istirahət mərkəzlərinin fəaliyyətini, o cümlədən kinoteatrların işini dayandırıb.

Amma Cənubi Koreyada kinosevərlərin kinoteatrda film izləməsi üçün özünəməxsus çıxış yolu tapıblar. Buna “avtomobillə kinoteatra” layihəsi də demək olar.

Paytaxt Seulun bir neçə məhəlləsindəki kiçik parklarda qurulan “yay kinoteatrı”na insanlar öz avtomobilləri ilə gəlib, filmləri də elə avtomobildən izləyə bilirlər. Bununla həm karantin rejiminin tələblərinə uyğun olaraq insanların yaxın təmaslarının qarşısı alınır, həm də tamaşaçıların böyük ekrandan film izləmək imkanı təmin olunub.

Tamaşaçılar əvvəlcədən onlayn qaydada avtomobil üçün bilet almalıdır. Sakinlər bu cür kinoteatrları həm filmlərə baxmaqdan zövq almaq, həm də bütün ailə olaraq evdən kənara çıxa bilmək şansı kimi dəyərləndirir.

SƏBİNƏ