“İlk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik”

Biz görürük ki, bu virusla mübarizədə ən vacib məsələ vaxtdır, çünki heç bir ölkənin səhiyyə sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə hazır deyil. Bu səbəbdən vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərimizin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərimiz oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə videokonfrans zamanı deyib.

Prezident vurğulayıb ki, Azərbaycana bu virus qonşuluqdan gəldi və bunun qarşısını almaq üçün biz müvafiq addımlar atdıq və qonşu dövlətlərlə razılıq və birgə qərar əsasında sərhədlərimizi bağladıq: “Hesab edirəm ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər qərarlarından tez verdik və beləliklə, zaman udmuş olduq. Daha sonra biz virusun ölkə ərazisində yayılmasının şahidi olduq və mart ayından etibarən məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə başladıq”.

Dövlət başçısı qeyd edib ki, biz Dünya Səhiyyə Təşkilatı ilə daimi təmasdayıq. Vəziyyətin dəyərləndirilməsi üçün ölkəyə mütəxəssis heyətinin göndərilməsi ilə bağlı təşkilata müraciət etdik və onlar bunu etdilər və daha sonra bəyanatla çıxış etdilər ki, Azərbaycan zəruri tədbirləri görür. Onlar da öz növbələrində, müəyyən tövsiyələrini verdilər. Daha sonra Dünya Səhiyyə Təşkilatı bəyanat yayaraq Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərdi.

Prezident diqqətə çatdırıb ki, pandemiya ilə bağlı ölkəmizdə vəziyyətin nəzarətə götürülməsi üçün məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmayıb: “Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budur və bu istiqamətdə səylərimizi tam səfərbər etmişik”.

Koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektora dəstək paketindən bəhs edən Prezident İlham Əliyev qeyd edib ki, xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilir.

“Təbii ki, bu, bizim üçün böyük xərcdir. Vergi güzəştləri də nəzərə alınsa, bu gün bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Bu, bizim büdcəmiz üçün böyük yükdür, çünki neftin qiymətinin kəskin azalması bizim valyuta ehtiyatlarımıza mənfi təsir göstərəcəkdir. Ancaq bizim üçün bu dövr xərclərimizi artırmalı və yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövrdür”, – deyə dövlət başçısı vurğulayıb.