Dünyanın müxtəlif ölkələri pandemiya ilə mübarizəni davam etdirməklə bərabər, karantin rejimini də tədricən yumşaltmaq yönündə addımlar atırlar. Bu xüsusda əsas vacib məqam isə karantindən çıxarkən ciddi sanitar və təhlükəsizlik tədbirlərini nəzərdən qaçırmamaq və pandemiyada yeni dalğaya meydan açmamaqdır.

Avropada karantini yumşaldan ilk ölkələrdən biri Çexiyadır. Burada aprelin 25-dən 2500 kvadratmetrə qədər sahəsi olan mağazalar, fitnes mərkəzləri, kitabxana və kilsələr açılıb. Mayın 11-dən isə iri ticarət mərkəzləri, barlar, restoranlar işə başlayacaq. Çexiya hökuməti mayın 25-nə qədər əksər sənaye və təsərrüfat obyektlərini işə salmağı planlaşdırır.

Pandemiyanın ağır fəsadları hələ davam edən İtaliyada mayın 4-dən parklar və idman meydançaları açılmağa başlayıb. Regionlararası səfərlərə qadağa qalsa da, yas mərasimləri üçün istisnalar ediləcək. Muzey və pərakəndə ticarət mərkəzləri mayın 18-dən, gözəllik salonları, bərbərxanalar və restoranlar isə iyunun 1-dən işə başlayacaq.

İspaniyada mayın 2-dən başlayaraq əhaliyə idman etmək üçün çölə çıxmağa icazə verilib. Bundan başqa, 14 yaşa qədər uşaqlar gündüz iki saat küçəyə çıxa bilərlər. Virusun yayılma tempindən asılı olaraq, karantin rejiminin iyunda ləğv ediləcəyi ehtimal olunur.

Fransada karantin rejiminin müddəti hələlik mayın 11-nə qədərdir. Həmin tarixdən etibarən məktəb, kollec və universitetlərin yenidən açılması gözlənilir. Bar, restoran və kinoteatrlar isə hələlik bağlı qalacaq.

Aprelin 20-dən karantin rejiminin qismən yumşaldığı Almaniyada isə hökumət bu yöndə növbəti qərarını mayın 6-da elan edib. Hazırda ölkədə sahəsi 800 kvadratmetrə qədər olan mağazaların açılmasına, yuxarı sinif şagirdləri üçün məktəblərin fəaliyyətə başlamasına icazə verilib. May ayı ərzində ölkə futbol çempionatının bərpası da nəzərdə tutulur.

Koronavirusun ən çox yayıldığı ABŞ-da mayın 4-dən etibarən 25 ştatda karantin qaydaları yumşaldılıb. Texas ştatında restoran, ticarət mərkəzlərinin açılmasına icazə verilib. Amma bəzi ştatlarda sərt karantin qüvvədə qalır. Kaliforniyada zərurət olmadan evdən çıxmaq qadağası mayın 18-nə, Nyu-Yorkda isə mayın 31-nə qədər uzadılıb.

Karantin qaydalarının yumşaldılması həmin ştatların qubernatorlarının qərarından asılıdır.

Türkiyədə ölkədaxili uçuşların mayın 20-dən sonra bərpa ediləcəyi gözlənilir. Xaricə uçuşlara qadağa isə hələlik mayın 28-dək qüvvədədir. Türk Hava Yolları qadağanın  ləğvindən sonra ediləcək səyahətlər planını açıqlayıb. Plana əsasən, iyun ayında Türkiyənin bütün hava limanlarına, xarici ölkələrə isə həftədə bir dəfə 20-dək istiqamətə reyslər nəzərdə tutulub. İyul və avqust aylarında aviaşirkət 60 faiz uçuşları bərpa etmək niyyətindədir.

CAVİD