Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Baş direktor məktubda COVİD-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. O, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib.

T.Qebreyesus Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 10-da Türk Şurasının,  mayın 4-də isə Qoşulmama Hərəkatının videokonfrans formatında təşkil olunan zirvə görüşlərinin əhəmiyyətini vurğulayıb. O, Qoşulmama Hərəkatının zirvə görüşündə qəbul edilmiş yekun bəyannaməyə uyğun olaraq üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılacağını bildirib. Baş direktor COVİD-19-a qarşı mübarizədə qlobal, regional və ölkə səviyyəsində təşkilatın Azərbaycanla əməkdaşlığa hazır olduğunu qeyd edib.