Pakistanda nəşr edilən “Pakistan in the World” jurnalının internet səhifəsində, həmçinin “NN Urdu” portalının ingilis dili versiyasında “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunub.

Məqalədə XX əsrin əvvəllərində erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladıqları, erməni şovinistlərinin bu siyasətinin 80-ci illərin sonlarında da davam etdiyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yeni iddialar irəli sürüldüyü ilə bağlı məlumat verilir. Bu iddiaların genişmiqyaslı müharibəyə gətirib çıxardığı, Azərbaycan ərazilərinin, o cümlədən 1992-ci il may ayının 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal edildiyi diqqətə çatdırılır.

Məqalədə Şuşada Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşudbanu Natəvanın evi və digər çoxsaylı tarixi abidənin dağıdıldığı, muzey və kitabxanaların yandırıldığı, Qafqazın qədim mədəniyyət mərkəzinin erməni vandalizminin qurbanına çevrildiyi vurğulanır.