İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin əldə olunmasına Azərbaycan xalqı da tarixi töhfələr verib. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış “Respublika Xatirə Kitabı” redaksiyasının hazırladığı “Qələbə – 75: Azərbaycan xalqının mübarizə əzmi” adlı xüsusi buraxılışı bu tarixə bir daha nəzər salır.

Xüsusi buraxılış Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çap olunub. Kitabda Sovet İttifaqı respublikalarının tarixinə Böyük Vətən müharibəsi kimi düşmüş bu müharibə zamanı yaşananlar, xalq-dövlət birliyi, cəmiyyətləri acı girdaba tuş edən ideoloji proseslər barədə maraqlı fikirlərə toxunulur, müharibənin xalqlarda milli-mənəvi birliyə çağırış olduğu, Azərbaycan xalqı da daxil olmaqla, digər sovet xalqlarının çətin anlarda vahid ideya uğrunda mübarizə aparmasından bəhs olunur.

Xüsusi buraxılışda, həmçinin Azərbaycanın Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəman oğulları haqda ətraflı məlumatlar verilib, onların döyüş yolu, arxa cəbhədə çalışanların ağır əməyi, mübariz Azərbaycan qadınlarının əzmi geniş işıqlandırılıb. Həmçinin müharibə veteranlarına dövlət qayğısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi və bununla bağlı nəzərdə tutulan tədbirlər diqqətə çatdırılıb.

“Respublika Xatirə Kitabı”nın çoxcildlik nəşrləri ilə yanaşı, əlamətdar günlər üçün xüsusi buraxılışları da hazırlanır. Kitabın müəllifi “Respublika Xatirə Kitabı” redaksiyasının rəhbəri Nəzakət Məmmədovadır.

Qeyd edək ki, İkinci Dünya müharibəsində, hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün 1997-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılan “Respublika Xatirə Kitabı” redaksiyası əvvəlcə Mətbuat və İnformasiya Nazirliyinin, sonra Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olub. 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin (2018-ci ildən Mədəniyyət Nazirliyi) tabeliyinə verilib.