Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 15-də (saat 18:00) növbəti videokonfrans keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, Türkiyə və Azərbaycanın incəsənət mütəxəssislərinin iştirakı ilə reallaşacaq konfransda “İncəsənətin ənənəvi və rəqəmsal sərgi platformalarında müasir insana estetik və emosional təsiri” mövzusu müzakirə olunacaq.

Konfransa İstanbul Yedditəpə Universitetinin İncəsənət fakültəsindən professor Teymur Rzayev, Antalya Universitetindən dosent Tərlan Mehdiyeva, Konya Səlcuq Universitetindən dosent İlham Ənvəroğlu, İstanbul Beykent Universitetinin əməkdaşı Sema Özevin, Ankaradan heykəltəraş, elmlər namizədi Səid Rüstəm, Biləcik Universitetindən Elçin Mustafayev, Ankaradan azərbaycanlı rəssam Həmid Əlioğlu, həmçinin  “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Mehparə Abbasova, Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları qatılacaq.