Koronavirusla mübarizə çərçivəsində Şengen zonası sərhədlərində tətbiq edilən məhdudiyyətlər tezliklə aradan qaldırılmalıdır. Belə bir çağırışla Avropa Parlamenti çıxış edib. “Şengen zonasının funksionallığı tez bir zamanda bərpa olunmalıdır. Vətəndaş azadlıqları üzrə komitənin deputatları tələb edirlər ki, epidemioloji şərait imkan verən kimi Şengen zonası sərhədlərində müvəqqəti yoxlamalar koordinasiyalı şəkildə ləğv olunsun”, – deyə Avropa Parlamentinin məlumatında bildirilir.
Sənəddə qeyd olunur ki, hərəkət azadlığı Avropa İttifaqı üçün çox vacibdir və insanların sərhədlərdə sərbəst hərəkətinə şərait yaradılmalıdır.
Bu arada Almaniya mayın 16-dan qonşu ölkələrlə sərhəddə məhdudiyyət rejimini tədricən aradan qaldırmağa hazırlaşır. Bu barədə ölkənin Daxili İşlər naziri Horst Zeehofer bildirib. Ümumilikdə isə Avropada sərhəd rejimində ilk yumşalma mayın 15-dən Avstriya-Almaniya sərhədində baş verəcək. Almaniya kansleri Angela Merkel və Avstriya kansleri Sebastian Kurtz səyahət məhdudiyyətlərini yumşaltmaq üçün ikisəviyyəli plan barədə razılığa gəliblər. Razılığa əsasən, mayın 15-dən etibarən sərhəd keçidində bəzi məhdudiyyətlər yüngülləşdiriləcək və iyunun 15-dən isə sərhəd nəzarəti tamamilə ləğv ediləcək.
İtaliya yay aylarında aviareysləri bərpa etməyə hazırlaşır, lakin yalnız 3 ölkədən gələn turistlərə karantin tətbiq olunmayacaq. İtaliyanın İnfrastruktur və Nəqliyyat naziri Paola de Mikeli mayın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, İspaniya, Fransa və Almaniya ilə olan uçuşlarda qarşılıqlı qaydada karantin tətbiq olunmayacaq. O qeyd edib ki, ölkəsi turizmi bərpa etmək istəyir, lakin turizmlə karantin anlayışları bir-birinə ziddir.
Pandemiyanın davam etdiyi şəraitdə aviareysləri bərpa edən ilk şirkətlərdən biri isə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti olacaq. Şirkət mayın 21-dən 8 ölkəyə reysləri bərpa edəcəyini açıqlayıb. Açıqlamada London, Frankfurt, Paris, Milan, Madrid, Çikaqo, Toronto, Sidney və Melburna aviareyslərin bərpa ediləcəyi bildirilir. Əlavə olunur ki, uçuşlar hökumətin icazəsi ilə bərpa olunur və sərnişinlər bilet almaq üçün müraciət edə bilərlər.