Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Mədəniyyət evləri: kreativ fəaliyyət yanaşmaları” mövzusunda canlı mühazirə keçirilib. Mühazirədə mədəniyyət işçiləri ilə yanaşı, mədəniyyət könüllüləri də iştirak ediblər.

MEMİM-in direktoru Asif Usubəliyev mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, mədəniyyət evlərinin tarixi və digər önəmli mövzulara toxunub. O, sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb.

Mühazirə zamanı konkret layihələr və onların reallaşma imkanlarından bəhs edilib. Mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması və digər pullu xidmətlər də müzakirə olunub.

Müasir kreativ və rəqəmsal metodlardan istifadə olunmasının və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə iştirakçıları mədəniyyət evlərinin sosial imicinin və onların cəmiyyətdə, xüsusilə gənclər arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər edilməsinin vacibliyini bildiriblər.