Bakı Xoreoqrafiya Akademiyası (BXA) professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” devizi ilə həyata keçirilən layihənin hər təqdimatı həm yaradıcı gənclərin və mütəxəssislərin, həm də elm və sənət adamlarının marağına səbəb olur.

BXA-dan xəbər verilib ki, layihənin son təqdimatları artıq respublika miqyasından kənara çıxıb. Akademiyanın məzunu, hazırda Moskva Dövlət Mədəniyyət İnstitutunun tələbəsi, beynəlxalq festival və müsabiqələr laureatı Fərid Kazakov müəllimi – görkəmli balerina, Xalq artisti Tamilla Şirəliyevanın həyat və yaradıcılığı barədə təqdimatla, BXA-nın konsertmeysterləri İlqar Bakıxanov (piano), Nicat Mahmudov (qarmon), Anar Abbasov (nağara), habelə Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının solisti Aydan Kamilova “Uzundərə” Azərbaycan xalq rəqsi ilə çıxış ediblər.

Bildirilib ki, layihəyə müxtəlif bədii təhsil müəssisələrindən dəstək verilib və müştərək təqdimatlar üzərində iş aparılır.

Xatırladaq ki, layihənin təqdimatları Bakı Xoreoqrafiya Akademiyasının “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində yayımlanır.