Yaradıcılığı, araşdırmaları ilə Azərbaycanın müxtəlif ölkələrlə elmi və mədəni əlaqələrinə töhfə verən alimlərimizdən biri də tanınmış şərqşünas, filologiya elmləri doktoru Qəzənfər Əliyev olub. Görkəmli alimi anadan olmasının 90 illiyi münasibətilə yada saldıq.

Qəzənfər Yusif oğlu Əliyev 15 may 1930-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini 5 nömrəli şəhər məktəbində alıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub.

Tanınmış şərqşünas Yevgeni Bertelsin rəhbərliyi altında Nizami Gəncəvinin “Xosrov və Şirin” və Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov” poemalarının müqayisəli təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Qəzənfər Əliyev həmin institutda əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi kimi fəaliyyət göstərir. O, 1974-cü ildə “Farsdilli ədəbiyyatın təşəkkülü problemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Qəzənfər Əliyev Əfqanıstan, İran, Almaniya və s. ölkələrdə keçirilən elmi tədbirlərdə Azərbaycanın mədəniyyət və ədəbiyyatına dair maraqlı məruzələr edir. Onun Şərq xalqları ədəbiyyatına həsr etdiyi müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi ölkəmizdə, eləcə də xaricdə rus, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunur.

Alimin elmi fəaliyyətinin əsas istiqamətini Nizami Gəncəvi irsinin və onun Şərq ədəbiyyatlarına təsirinin öyrənilməsi təşkil edir. Araşdırmalardan məlum olur ki, Qəzənfər Əliyevin Moskvada rus dilində nəşr edilən “Nizaminin mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında” adlı son kitabında XIII-XX əsrlərdə Nizami mövzularında müxtəlif dillərdə yazılmış 600-dən çox əsər və onların müəllifləri barədə məlumat toplanıb.

Tədqiqatçı Məsiağa Məhəmmədi araşdırmasında yazır ki, Q.Əliyev diqqətini farsdilli ədəbiyyatda Nizamidən sonra ikinci “Xəmsə” yazan böyük hind şairi Əmir Xosrov Dəhləviyə və bütövlükdə Hindistanın farsdilli ədəbiyyatına yönəldib. Bu tədqiqatların nəticəsi kimi alimin “Hindistanın farsdilli ədəbiyyatı” adlı monoqrafiyası meydana gəlib. Tədqiqatçı bu kitabla dünya iranşünaslığında ilk dəfə olaraq farsdilli ədəbiyyatın hind ədəbiyyatında müstəqil bir qol olduğunu elmi şəkildə ortaya qoyub.

Q.Əliyevin redaktorluğu ilə 1972–1979-cu illər arasında Moskvada Əmir Xosrov Dəhləvi “Xəmsə”sinə daxil olan poemaların elmi-tənqidi mətnləri işıq üzü görür. Əsər Hindistanda da maraqla qarşılanır və yüksək elmi dəyərini alır. Tanınmış alim bununla da bir mətnşünas olduğunu nümayiş etdirir.

Şərqşünas alim eyni zamanda tərcüməçilik sahəsində də qələmini sınayıb. O, Əmir Xosrov Dəhləvinin “Həşt behişt” (“Səkkiz cənnət”), Əbülfeyz Feyzinin “Nəl və Dəmən” poemalarını, Baba Tahir Üryanının dübeytlərini, Mirzə Əsədulla xan Qalibin şeirlərini rus dilinə tərcümə edib. Onlara müqəddimə və şərhlər yazıb. Q.Əliyev həm də atalar sözlərimizi rus dilinə çevirib.

1969-cu ildə Aşqabadda çap olunan “Türkmən şairi Bayram xan” kitabı elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Müəllif bu əsərində Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının ədəbi irsini üzə çıxarıb. O, bu tədqiqatı ilə türkmən ədəbiyyatının tarixini iki əsr əvvələ çəkib. Buna görə də o, çoxcildlik “Türkmən ədəbiyyatı tarixi”nin müəlliflərindən biri olub. Türkmən ədəbiyyatının tədqiqi sahəsindəki xidmətlərinə görə 1980-ci ildə bu ölkənin dövlət mükafatına layiq görülüb.

Daha sonra Y.Bertelsin beşcildlik “Seçilmiş əsərləri” Q.Əliyevin yaxından iştirakı ilə işıq üzü görüb. Məşhur şərqşünas Aqafangel Krımskinin uzun illər arxivdə qalan “Nizami və müasirləri” monoqrafiyası onun redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr edilib. Q.Əliyev həm də ikicildlik “Rusca-farsca lüğət”in tərtibçilərindən biri olub.

Qəzənfər Əliyev elmi yaradıcılığının coşqun çağlarında, 1984-cü ildə, 54 yaşında  vəfat edib və Gəncə şəhərində dəfn olunub.

Savalan FƏRƏCOV