Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına onlayn qala-konsert formasında yekun vurulub.
Karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı, İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarus və Özbəkistandan iştirakçılar çıxış ediblər. Üç yaş qrupu və üç nominasiya üzrə təşkil olunan festivala ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, məktəbdənkənar təhsil müəssisələri dərnəklərinin üzvləri, rəqs kollektivləri, musiqiçilər daxil olmaqla 1750 uşaq və gənc müraciət edib.
İyunun 1-də festivalın final mərhələsi 4 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən iştirakçılar canlı yayıma qoşulublar. Festivala təqdim olunan ifalar üzrə 250 nəfər münsiflər heyəti tərəfindən seçilib və onların folklor, klassik, müasir bölmələrin hər nominasiyasında I, II, III və həvəsləndirici yerlər üzrə qiymətləndirilməsi aparılıb.
Qaliblər diplom, bütün digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.
Festivalın Qran-pri mükafatına Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının vokal qrupu layiq görülüb.
9-11 yaş – rəqs (solo) qrupunda modern rəqs nominasiyası üzrə Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin 6-cı sinif şagirdi Aytac Quliyeva III yerə, 15-17 yaş – rəqs (solo) qrupunda orta ixtisas təhsil pilləsinin II kurs tələbələri Aza Nurullayeva I, Nəzrin Adıyeva II və Aydan Hüseynova isə III yerə layiq görülüblər.