6-7 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda gücləndirilmiş karantin rejimi tətbiq olunacaq

Pandemiya ilə bağlı xüsusi karantin rejiminin mərhələlərlə yumşaldılmasından sonra zəruri qayda və şərtlərə əməl edilməməsi, bir çox hallarda vətəndaşların sosial məsafəyə riayət, maska taxmaq və s. tövsiyələrə tam laqeydlik göstərməsi əslində gözlənilən  mənfi nəticəni doğurdu və hökumət bu vəziyyətdə sərt qərarlar almağa məcbur oldu. Xüsusilə mayın 28-dən etibarən koronavirusa gündəlik yoluxma sayının ciddi şəkildə artaraq 200-300 arasında dəyişməsi, habelə ölüm faktlarının artması (28 may – 3 iyunda ümumilikdə 22 nəfər vəfat edib) bu addımı qaçılmaz etdi.

İyunun 4-də Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərar qəbul edib. Yaranmış vəziyyət və qəbul olunan qərarla bağlı Azərbaycan Respublikasının Baş Naziri, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəhbəri Əli Əsədov əhaliyə müraciət edib.

Müraciətdə bildirilir ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan etdi, ölkənin sərhədləri bağlandı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi.

Görülmüş tədbirlər müsbət nəticələr verdi və bu, statistik göstəricilərdə də öz əksini tapıb. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlanıldı.

“Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulub. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin, təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır”, – deyə müraciətdə bildirilir.

Mövcud vəziyyət nəzərə alınaraq Operativ Qərargah tərəfindən qərar qəbul edilib: “Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir”.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Müraciətdə vurğulanır ki, xəstəliyə yoluxma sayı şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də tətbiq olunacaq: “Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.

Təəssüflər olsun ki, əldə olunan uğurlar bizdə müəyyən rahatlığa səbəb oldu. Bu sözləri isə iyunun 4-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, inamsızlıq yaradan hallara qətiyyən yol vermək olmaz: “Biz sadəcə, ilk mərhələdə olduğu kimi, həmrəylik etsək, irəlidəki günlərdə həftə sonlarında qapanmaların da şahidi olmaya bilərik. Əgər statistik göstəricilər gələcəkdə də mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara da gedə bilərik. Biz bunu istəmirik”.

TƏBİB sədri vurğulayıb ki, tək həftəsonu qapanma xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli deyil: “Həftə içində insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.

O həmçinin diqqətə çatdırıb ki, həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda təkcə ticarət mərkəzləri, marketlər deyil, apteklər də bağlı olacaq. Odur ki, vətəndaşlar bunu nəzərə almalıdır. Dərmana təcili ehtiyac olarsa, təcili yardım xidmətləri təmin edəcək.

Brifinqdə çıxış edən Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı isə bildirib ki, həftəsonu tətbiq olunan sərt karantinin nəticəsi 10-14 gün sonra ortaya çıxacaq. O deyib ki, apreli 27-də karantin rejimində ilk yumşalmadan 12 gün sonra yoluxma 100-ə çıxdı. İndi isə gündəlik 200-dən çox yoluxma var. Yoluxmalar artan zaman dövlətlər yenidən sərt tədbirlər görmək məcburiyyətində qalırlar. Azərbaycanda da bu addımlar atılır.