Bakı Slavyan Universitetinin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Ukraynanın “N.V.Qoqol” medalı ilə təltif olunub.

Alim bu mükafata Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişafına, Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafındakı mühüm şəxsi töhfəsinə görə layiq görülüb. Yaşar Alxasov 40 ildən artıqdır ki, tədris, tədqiqat və inzibati işlərlə məşğul olur, xarici vətəndaşlar üçün bir sıra dərslik və lüğətlərin müəllifidir.

2012-ci ildə Ukrayna Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının təsis etdiyi  “N.V.Qoqol” medalı “Ukraynada rus dilinin qorunub saxlanmasına və inkişafına verdiyi töhfələrə görə” verilir. Təltif olunanlar arasında Rusiya, Qazaxıstan, Moldova, Finlandiya və s. ölkələrdən alimlər də var.