Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı olmuş əfsanəvi azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov haqqında “Vikipediya” elektron ensiklopediyasında özbək dilində bölmə yaradılıb.
Bölmədə “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla döyüşlərdə iştirak edən qəhrəmanın həyatı, göstərdiyi igidlik, fransız şəhərlərinin faşistlərdən azad olunmasında iştirakı, Parisin azad olunması münasibətilə keçirilən mitinqdə sovet əsgərlərinin adından çıxış etməsi və s. məlumatlar əksini tapıb.
Bildirilir ki, azərbaycanlılar İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Məlumatda azərbaycanlıların müxtəlif partizan dəstələrində fasistlərə qarşı vuruşması, Avropanın müxtəlif ölkələrinin faşist işğalından azad edilməsində iştirakı geniş işıqlandırılıb.
Əhmədiyyə Cəbrayılov haqqında özbək dilində bölmə ilə bu linkdə tanış olmaq mümkündür: https://uz.wikipedia.org/wiki/Ahmadiyya_Jabrailov
Bundan başqa, AMM-in layihəsi ilə Özbəkistan mediasında Əhmədiyyə Cəbrayılov haqqında məqalələr yayımlanıb. Fikr.uz, Nargis.uz, “Veçernıy Taşkent” sayt və qəzetlərində dərc olunan məqalələrdə faşizmlə mübarizədə Əhmədiyyə Cəbrayılovun göstərdiyi qəhrəmanlıqdan bəhs olunur.