Monqolustan Milli Muzeyi və Beynəlxalq Türk Akademiyasının ortaq həyata keçirdiyi “Kerulen” arxeoloji tədqiqat ekspedisiyası çərçivəsində Monqolustanın cənubundakı Qobi səhrasında, Nogoontal (Yaşıl çöl) adlanan ərazidə əvvəllər tədqiq edilməmiş və qədim türklərə aid olduğu təsdiqlənən külliyyə (ibadət yeri) aşkar edilib.
Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali özünün sosial şəbəkədəki səhifəsində məlumat verib.
Məlumatda qeyd edilir ki, türk hökmdarları və şahzadələrinə aid böyük külliyyələrə indiyədək daha çox Orta Monqolustanda, Orxon və Tuul çaylarının vadilərində rast gəlinib. Ölkənin cənubundakı Qobi səhrasında belə abidələrə çox nadir hallarda təsadüf olunur. Onların diqqətlə araşdırılması qədim türk mədəniyyətinin tədqiqat coğrafiyasını daha da genişləndirəcək.
Aşkarlanan külliyyədəki düz daşda buynuz şəklində bəzək və çiçək təsviri həkk olunub. Hündürlüyü 2 metrdən çox olan 4 daşın da tapıldığı ritual kompleksin qədim türk zadəganına aid olduğu təxmin edilir.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Monqolustan Milli Muzeyi ilə birlikdə “Kerulen” layihəsi çərçivəsində 2016-cı ildən bəri Kentay vilayətinin Delqerhan bölgəsində türklərə aid Hayahudaq və Günbürd külliyyələrində arxeoloji qazıntılar aparır. Qazıntılar zamanı qədim türk mədəniyyətinə aid əhəmiyyətli tapıntılar əldə olunub.