Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Lənkəran, Masallı və Cəlilabadda SMS və xüsusi icazə sistemi

Ölkədə koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyət təhlil olunaraq xüsusi karantin rejiminin avqustun 1-dək uzadılması barədə qərar qəbul olunub. Bu barədə iyunun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə məlumat verilib. Xatırladaq ki, bundan öncə xüsusi karantin rejimi iyulun 1-dək uzadılmışdı.

Eyni zamanda 21 iyun gecə saat 00:00-dan 5 iyul səhər saat 06:00-dək bir sıra şəhər və rayonlarda ciddi karantin rejiminin tətbiqi barədə qərar verilib. Koronavirus yayılması üzrə 1-ci klasterə (“narıncı zona”) düşən şəhər-rayonlar bunlardır: Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Lənkəran, Masallı, Cəlilabad. Bu şəhər və rayonlarda qeyd olunan müddətdə evdən çıxma SMS xəbərdarlıq və xüsusi icazə əsasında olacaq.

Brifinqdə məhdudiyyət tətbiq ediləcək sahələr də açıqlanıb. Buraya dövlət və özəl təşkilatlarda işin müxtəlif saatlarda başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin dayandırılması, bərbərxana və gözəllik salonlarının fəaliyyətinin dayandırılması, muzey və sərgi salonlarının fəaliyyətinin dayandırılması və s. daxildir.

Bundan öncə qüvvədə olan bəzi məhdudiyyətlər (rayonlararası və şəhərlərarası sərnişin nəqliyyatının hərəkəti, kinoteatrların, teatrların, konsert salonlarının, idman zallarının, hotellərin fəaliyyəti, beynəlxalq səfərlər, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətlər və s.) də qalmaqda davam edəcək.