“Turizm Könüllüləri” Təşkilatı və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə start verilən “VoluntouriZoom Online Hub” layihəsinin növbəti görüşü iyunun 16-da keçirilib.

Onlayn görüşdə ekspert qismində ATMU-nun rektoru İlham Mədətov çıxış edərək universitetdə mövcud ixtisaslar, tələbələr üçün yaradılan imkanlar haqqında qısa məlumat verib. Rektor 2019/20-ci tədris ilində ATMU-nun “Turizm işinin təşkili” ixtisas proqramı üzrə “İSO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi” və Dünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görüldüyünü diqqətə çatdırıb.

İlham Mədətov daha sonra turizmdə təhsil, yerli və beynəlxalq təcrübə, universitetin iştirak etdiyi müxtəlif beynəlxalq proqramlar haqqında könüllüləri maraqlandıran sualları cavablandırıb, onlara gələcək karyera planlaması ilə bağlı tövsiyələrini verib.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ekspertlərlə bir araya gətirmək, son yenilikləri və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etməkdir. Layihə 1  ay müddətində davam edəcək.