Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Mərkəzin saytında verilən məlumata görə, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Lüğətin tərtibçisi və ön sözün müəllifi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru Lətafət Səmədovadır. Lüğət “Şərq-Qərb” nəşriyyatında çap edilib.

Ön sözdə qeyd olunur ki, hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının, lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vəsaitlərin, başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır. Diqqətə çatdırılır ki, orfoqrafiya lüğətçiliyi tariximizdə dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk vəsait 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” (müəllif – V.Xuluflu) olub. Nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu) çap edilib. 2017-ci ildə Dövlət Tərcümə Mərkəzi tərəfindən yığcam ofroqrafiya vəsaiti – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ərsəyə gətirilib.

“Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə bərabər, ümumişlək terminləri, eyni zamanda xalq dilindən və başqa türk dillərindən gələn alınma sözləri özündə cəmləyən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” istifadəçilərinin ixtiyarına hələ ki 65 min sözlə verilir. Əminik ki, yeni lüğətimiz dilimizin lüğət fondu ilə yanaşı, yazı və şifahi nitq mədəniyyətimizin təkmilləşdirilməsi işinə də öz töhfəsini verəcək”, – deyə ön sözdə vurğulanır.