Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər.

Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, ilk mənbələr, o cümlədən arxiv sənədləri indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə - Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan (1918) sonra başlanıldığını sübut edir. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin fərmanları əsasında həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 Azərbaycan yaşayış məskəninin adları dəyişdirilib. Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 1991-ci il 8 avqust tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, parlamentin 2006-cı il 4 iyul tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib.

2004-cü ildən başlayaq Tarix İnstitutunda Prezident İlham Əliyevin müvafiq tövsiyəsi əsasında İrəvan, Qarabağ və Naxçıvanın tarixinin yenidən yazılması, erməni vandalizminin araşdırılması ilə bağlı tədqiqatların başlandığını deyən Y.Mahmudov diqqətə çatdırıb ki, Azərbaycanın tarixi yer adları ilə bağlı dövlətimizin başçısının xüsusi tapşırığı olub: “Biz bu mövzuda tarixçi alim Nazim Mustafa ilə birlikdə “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını ərsəyə gətirdik. İngilis və rus dillərinə tərcümə edilmiş bu kitabın mahiyyəti ondan ibarətdir ki, indiki Ermənistan deyilən respublikanın ərazisi tarixi Azərbaycan torpağıdır və yer adlarının hamısını dəyişdiriblər. Kitabda qədim Azərbaycan adları və onların ermənilər tərəfindən saxtalaşdırılmış variantları öz əksini tapıb”.

Dövlətimizin başçısının bu günlərdə bu məsələni bir daha gündəmə gətirdiyini deyən akademik bildirib ki, AMEA rəhbərliyinin tapşırığı ilə bütün bu məsələləri davamlı olaraq araşdırmaq üçün xüsusi heyət formalaşdırılıb. “Biz “Vandalizm: tarixi adlara qarşı soyqırımı” kitabını yenidən nəşr edəcəyik. Yeni nəşrə çar Rusiyası işğalları dövründə çar generallarının, hərbi topoqrafların yaratdığı xəritələri əlavə edəcəyik. Kitabın yeni nəşrinə ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda və Azərbaycanın digər rayonlarındakı tarixi adların kütləvi surətdə dəyişdirilməsi ilə bağlı faktlar da əlavə olunacaq”, – deyə Y.Mahmudov vurğulayıb.