Türkiyənin “İstiqlal marşı”nın (dövlət himni) sözlərini yazan şair Mehmet Akif Ersoyun həyatı ekranlaşdırılır.
Çəkilişlərinə bu ilin sentyabr ayında start veriləcək “Akif” filminin “İstiqlal marşı”nın ölkənin dövlət himni olaraq qəbul edilməsinin 100-cü ildönümü – 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır. “İstiqlal marşı” 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə qəbul olunub.
“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon, “İstiqlal marşı”nın ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət naziri Yüksel Yalova və professor Yasin Aktaydır.