Qaliblər onlayn səsvermə ilə müəyyən olunacaq
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsinə göndərilən işlər əsasında qalereya yaradılıb və müsabiqə səsvermə üçün açıq elan edilib.
Fonddan bildirilib ki, müsabiqədə quruma üzv və müşahidəçi ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan olan 5-17 yaşında uşaqlar iştirak edirlər.
Müsabiqənin əsas məqsədi koronavirus (COVİD-19) pandemiyası dövründə istedadlı gənclərin bacarıqlarını ictimaiyyətə tanış etmək, eləcə də gəncləri türkdilli xalqların qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına cəlb etməkdir.
Rəsm qalereyasının saytı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın ön sözü ilə açılır. “Çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız asudə vaxtlarını düzgün təşkil edə bildilər. Müxtəlif ölkələrdən çox sayda məktəbli bu yarışmaya qoşuldu. Onlar parlaq, rəngarəng rəsmlərində türk mədəniyyətinin geniş miqyaslılığını göstərməyi bacardılar”, – deyə o, vurğulayıb.
Qeyd edək ki, onlayn qalereyada 700-ə yaxın rəsm nümayiş olunur. Rəsmlər 12 mövzu üzrə (“Dədə Qorqud”, “İrsimiz”, “Adət-ənənələr”, “Səmazənlər”, “Türk dünyasının qadını”, “Novruz”, “Xalçalar”, “Milli mətbəx”, “Musiqi”, “Oyunlar”, “Dünyamızı qoruyaq” və “Türk birliyi”) kateqoriyalara bölünüb.
Müsabiqə onlayn şəkildə səsvermə yolu ilə həyata keçiriləcək. Qaliblər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sertifikat və mükafatlarla təltif olunacaqlar.
Qalereya ilə tanış olmaq və səsvermədə iştirak etmək üçün https://itchf.org/gallery/ linkinə keçid edə bilərsiniz.