Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialı karantin rejiminin tələblərinə uyğun olaraq oxuculara onlayn xidmətlər göstərir.

Kitabxana bu dəfə izləyicilərə görkəmli tarixçi, şair, maarifçi, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun (1794-1847) həyat və yaradıcılığı haqqında videoçarx təqdim edib.

Bakıxanov Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819-1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində tərcüməçi işləyib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. Bakıxanov astronomiya, məntiq elmlərinə də bələd olub, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan” kimi əsərlərin müəllifidir.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin 3 nömrəli filialı isə Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) vəfatının ildönümü ilə bağlı videoçarx hazırlayıb.

Şair, ədəbiyyatşünas alim, ictimai xadim Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də dünyasını dəyişib. Xalq şairi  “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Türkün dünyası” və s. kitabların müəllifidir.

Videoçarxda kitabxananın əməkdaşı Qızılgül Məmmədova şairin şeirlərini səsləndirib.