Türkmənistanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Məhtimqulu və Türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
Məhtimqulu Fəraqi poeziya günü (27 iyun) münasibətilə təşkil olunan konfransı açan AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türkmənistanla elmi əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Akademik vurğulayıb ki, bu əlaqələrdə Məhtimqulu irsini öyrənmək və təbliğ etmək istiqamətində aparılan işlər həmişə önə çəkilib: “Bu, təsadüfi deyil, Məhtimqulu Fəraqi türkmən xalqının bütün türk dünyasına və ümumən dünya mədəniyyətinə verdiyi böyük şəxsiyyətdir. O, türk dünyasında XVIII əsrdən başlanan yeni ədəbiyyatın əsasını qoyanlardan biridir. Məhtimqulu Fəraqi həm də Türkmənistanın milli birliyinin rəmzidir. Onun Azərbaycanla bağlı səfərləri, yaradıcılığındakı səhifələr iki xalqın qardaşlığının qədim tarixə və böyük ənənələrə malik olduğunu sübut edən amillərdir. Şeirlərindən görünür ki, o, Şəkidə olub və Azərbaycanda gördüklərini yaradıcılığında əks etdirib.
Məhtimqulu bizim ortaq böyük şairimizdir. Artıq neçə ildir ki, Türkmənistanın Bakıdakı səfirliyi ilə bir yerdə hər il Məhtimqulu Fəraqiyə həsr olunan konfranslar təşkil edirik. O, Azərbaycanla Türkmənistan arasında qardaşlıq, mədəniyyət və ədəbiyyat körpüsüdür. AMEA-nın arxivindən tapdığımız Məhtimqulu Fəraqinin “Divan”ı Buxaradan sonra ilk dəfə Bakıda akademiyanın vasitəsilə çap olunub. Həmin nüsxə 1914-cü ildə Buxarada daşbasması ilə çap olunmuşdu. Bakıda tapılan nüsxə hər iki ölkənin alimlərinin birgə səyi ilə hazırlanaraq nəşr edildi”.
Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev iki qardaş ölkə arasında əlaqələrin inkişafında belə konfransların keçirilməsinin önəmini vurğulayıb, AMEA-ya təşəkkürünü bildirib.
Konfransda fəxri qonaq qismində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, hazırda ölkələrimizin, xalqlarımızın, bütün dünyanın çətin sınaqdan keçməsinə baxmayaraq, türkmən ədəbiyyatının klassiki Məhtimqulu Fəraqiyə həsr olunmuş tədbir belə formatda olsa da, yenə də keçirilir, çünki mədəniyyətimiz, incəsənətimiz, türk dəyərlərimiz heç bir xəstəliyə məğlub ola bilməz, biz bu dəyərləri qoruyub saxlamalıyıq.
Fondun prezidenti Məhtimqulu Fəraqinin şəxsiyyəti və yaradıcılığı haqqında bəhs edib: “Məhtimqulu türkmənlərin yalnız ədəbiyyatında deyil, ictimai və milli şüurunda müstəsna yer tutan sənətkarıdır. Türk dünyasının nəhəng klassiklərindən Əhməd Yasəvinin, Yunus Əmrənin fəlsəfi hissləri ilə bəhrələnən Məhtimqulu ictimai ədəbi əxlaqı, milli təəssübkeşliyi ilə türkmən poeziyasında yeni epoxa açmışdır”.
G.Əfəndiyeva şairin yaradıcılığının tamamilə ümumtürk milli təfəkkürünə malik olduğunu, onun şeirlərinin tək bir kökdən – türk kökündən boy atmasından irəli gəlməsini qeyd edib. O, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının nəhəngləri” adlı şeir antologiyası hazırlandığı haqqında məlumat verərək Məhtimqulunun şeirlərinin də bu kitabda yer aldığını nəzərə çatdırıb.
Sonda Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsi haqqında bəhs edərək müsabiqədə üç türkmən məktəblisinin yüksək yer qazandığını söyləyib. Bununla bağlı Türkmənistan səfiri Mekan İşanquliyev Günay Əfəndiyevaya təşəkkürünü bildirib.
Onlayn konfransda Türkmənistan və Azərbaycan alimlərinin Məhtimqulu Fəraqi ilə bağlı məruzələri dinlənilib.