1500 illik tarixində pravoslav kilsəsi, katolik kilsəsi, məscid, muzey kimi fəaliyyət göstərmiş Aya Sofya yenidən ibadətə açılır
Zaman-zaman müxtəlif sivilizasiyaların kəsişdiyi, din və mədəniyyətlərin bir-birini əvəzlədiyi və sonda bir araya gəldiyi İstanbulun ən qədim tikililərindən biri, şəhərin tarixi simvollarından sayılan Aya Sofya 85 il muzey kimi fəaliyyət göstərəndən sonra yenidən ibadət məkanına çevrilir.
Türkiyənin Yüksək İdarə Məhkəməsi – Danıştay iyulun 10-da Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarixli qərarını ləğv edib. Bu qərarla Aya Sofya təkrar məscid kimi ibadətə açılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Danıştayın qərarını həmin gün təsdiqləyib. Prezidentin imzaladığı müvafiq fərmana əsasən, bunadək muzey kimi ölkənin Mədəniyyət və Turizm Nazirliyinin idarəçiliyində olan Aya Sofya Türkiyə Diyanət İşləri Başqanlığının tabeliyinə verilib. Məbəd bundan sonra “Ayasofya-i̇ kebi̇r cami̇i̇” (Aya Sofya böyük məscidi) adlanacaq.
Məbəddə müvafiq mərasimin 24 iyulda keçiriləcəyi və namaz qılınacağı bildirilir. Onu da qeyd edək ki, hökumət, Aya Sofyanın təkrar məscidə çevrilməsi ilə bərabər, onun hər kəs üçün açıq olacağını elan edib. Yəni dünyanın dörd yanından İstanbula gələnlər yenə bu möhtəşəm tikilini ziyarət edə biləcəklər.
Nəzərə çatdıraq ki, Aya Sofya İstanbulda (və ümumilikdə Türkiyədə) ən çox turist cəlb edən tarixi abidə-məkan sayılır. Keçən il muzey-məbəd 3,7 milyon ziyarətçi qəbul edib. Bu sətirlərin müəllifinə də 2013-cü ildə Aya Sofyanı ziyarət etmək nəsib olub. Yeri gəlmişkən, o vaxt məbədə daxil olmaq üçün turistik bilet 15 lirə (təxminən 8 dollar) idi.
Aya Sofyanın statusunun dəyişdirilməsi istər ölkə daxilində, istərsə də xaricdə geniş müzakirələr doğurub. Türkiyədəki xristian (pravoslav) icması, dünyada pravoslavlığın iki əsas mərkəzi olan Yunan və Rus patriarxlığı məsələ ilə bağlı narazılığını ifadə edib. 1985-ci ildən Aya Sofyanı Dünya irs siyahısına daxil edən UNESCO da təşkilatla müzakirə aparılmadan abidənin statusunun dəyişdirilməsinə təəssüfləndiyini bildirib. Hərçənd dünyada qədim ibadət yerləri ilə bağlı bu cür presedentlər də az deyil. Məsələn, İspaniyada Kordova xilafəti dövründə tikilmiş möhtəşəm məscid binaları xristian kilsələri kimi fəaliyyət göstərir. Yaxud Rusiyada vaxtilə tatar (müsəlman) məscidləri olmuş bir sıra məbədlər indi pravoslav kilsəsidir.
Odur ki, biz də bu mövzuda indilik əlavə mükalimə açmadan Aya Sofyanın 15 əsrlik tarixinin bir sıra məqamlarını diqqətə çatdırmaq istərdik.
Min ilə yaxın Bizans (Şərqi Roma) İmperatorluğunun (və o vaxtkı Konstantinopolun) simvolu olmuş Aya Sofyanın yerində ilk məbəd hələ 360-cı ildə İmperator Konstantiosun göstərişi ilə inşa edilmiş və Megale Ekklesia (Böyük Kilsə) adlanmışdı. 404-cü ildə İmperator Arkadiosa qarşı başlanan xalq qiyamı zamanı kilsənin taxta günbəzü yanmış və o, qismən dağılmışdı. 415-ci ildə İmperator Teodosios tərəfindən yeni kilsə inşa edilir. Amma onun da günbəzi ağacdan idi. İkinci kilsə İmperator I Yustinianos əleyhinə 532-ci ildə baş verən qiyam zamanı yandırılır. Bundan sonra imperatorun göstərişi ilə məşhur memarları Anthemios və İsidoros tərəfindən yeni və daha möhtəşən məbəd inşa edilir. Mərmər, daş və kərpicdən tikilən binanın günbəzində (həm də mümkün zəlzələ zamanı uçmaması üçün) Rodos torpaqlarında xüsusi hazırlanan yüngül və bərk kərpiclərdən istifadə edilir. Beş il davam edən tikintidə 1000 usta və 10 min fəhlə işləyir. Kilsə 27 dekabr 537-ci ildə ibadətə açılır və ona Aya Sofya (Hagia Sofya – Müqəddəs Hikmət) adı verilir.
Dünya memarlıq tarixinin günümüzədək gələn ən görkəmli abidələrindən olan Aya Sofya möhtəşəmliyi, ölçüsü (hündürlüyü 56 metr, günbəzin diametri 31 metr) dövrün ən böyük xristian məbədi (Romada Müqəddəs Pyotr kilsəsi inşa edilənədək) olub. Bir sıra təbii fəlakətlərlə də sınanan (984-cü ildə qübbəsi uçmuş, sonra bərpa olunmuşdu) Aya Sofya Səlib yürüşlərinin (Roma Katolik Kilsəsinin Yaxın Şərqə hərbi yürüşləri) də hədəfinə çevrilir. 1204-1261-ci illərdə məbəd katolik kilsəsi kimi fəaliyyət göstərir. İstanbulun (Konstantinopolun) yenidən Bizans İmperatorluğunun tərkibinə qatılması ilə Aya Sofya təkrar pravoslav kilsəsi olur.
1453-cü ilin 29 mayında Osmanlı padşahı II Mehmet (Fateh Sultan Mehmet) tərəfindən İstanbul fəth olunur. Şəhərin fəthindən sonra Sultan Mehmet Aya Sofyaya gələrək ilk cümə namazını burada qılır və bundan sonra məbədin məscid kimi fəaliyyət göstərəcəyini bildirir. Sultanın əmri ilə burada mehrab və minbərlər tikilir, mozaiklərin üstü qapadılır. 1481-ci ildə Aya Sofyanın ilk minarəsi ucaldılır, sonralar müxtəlif tarixlərdə daha 3 minarə inşa edilir. Tikili Osmanlı dövrü memarlığının əlavələri ilə daha da möhtəşəm görkəm almışdı. Aya Sofya 1616-cı ilədək, yaxınlıqda Sultan Əhməd məscidinin açılmasına qədər İstanbulun və ölkənin əsas ibadət mərkəzi idi.
Osmanlı dövründə binanın ətrafında mədrəsələr, fəvvarələr və bir sıra digər tikililər inşa edilib. Osmanlı sultanlarından III Murat, III Mehmet türbəsi, II Səlim və başqalarının türbələri də Aya Sofyanın cənub həyətindədir. Sultan Əbdülməcidin əmri ilə 1847-1849-cu illərdə isveçrəli Fossati qardaşları tərəfindən aparılan təmir işləri zamanı dövrün ən məşhur xəttatlarından olan Kazasker Mustafa İzzət Əfəndi tərəfindən Aya Sofyanın əsas qübbəsinin 11,3 metrlik hissəsində Qurani-Kərimin Nur surəsinin 35-ci ayəsi yazılıb.
Türkiyədə Cümhuriyyət qurulduqdan (1923) sonra da Aya Sofya bir müddət məscid kimi fəaliyyət göstərir. 1930-cu ildə bərpa işləri ilə bağlı müvəqqəti olaraq bağlanır. 1934-cü il noyabrın 24-də isə Türkiyə Prezidenti Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Nazirlər Kabineti Aya Sofyanın muzeyə çevrilməsi barədə qərar qəbul edir. 1 fevral 1935-ci ildə məbəd muzey kimi ziyarətə açılır. Eyni zamanda Atatürkün göstərişi ilə tikilidə müvafiq bərpa və ekspozisiya işləri aparılır.
1985-ci ildə İstanbulun tarixi mərkəzi və digər abidələri ilə birlikdə Aya Sofya muzeyi də UNESCO-nun Dünya irs siyahısına daxil edilib. UNESCO-nun Dünya İrsi Fondunun dəstəyi ilə 1997-2002-ci illərdə Aya Sofyanın qübbə və minarələrində restavrasiya işləri həyata keçirilib.
İstanbulun Fatih ilçəsindəki Sultanəhməd meydanında yerləşən Aya Sofya 1500 illik tarixinin yeni dönəminə qədəm qoyur. Şəksiz ki, hüquqi yöndən və fəaliyyət istiqaməti ilə hansı statusu daşımasından asılı olmayaraq, o, ilk növbədə, əsrlərə sinə gərmiş bir möhtəşəm tikili kimi bəşəri dəyərini saxlayacaqdır.
Vüqar ORXAN